Konstantin Zatulin Qarabağ xanlığını erməni xanlığı adlandırıb
Moskvada “Gülüstan” sülh müqaviləsinin 200 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezident Administrasiyasının İşlər İdarəsinin balansında olan “Prezident” hoteldə keçirilən konfrans MDB ölkələri İnstitutu və Rusiya Erməniləri Birliyi tərəfindən təşkil olunub. Tədbirdə Rusiya Strateji Araşdırmalar İnstitutunun, Ermənistan Xarici İşlər Nazirliyinin, separatçı Dağlıq Qarabağ rejiminin təmsilçiləri, Rusiyadakı erməni diasporu, rusiyalı politoloqlar və tarixçilər iştirak ediblər.
Azərbaycan əleyhinə bəyanatların səsləndiyi tədbir 5 saatdan çox davam edib. Tədbiri giriş sözü ilə açan Rusiya Dövlət Dumasının keçmiş deputatı, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin “Gülüstan” sülh müqaviləsinin Qafqaz ölkələrinin siyasi inkişafında rolundan və Xəzər dənizi ilə bağlı yaranan problemlərə təsirindən danışıb: “Rusiya “Gülüstan” müqaviləsi ilə iki əsrə yaxın müddətdə Qafqaz regionunda sərfəli mühüm hərbi-strateji mövqeyə malik oldu və bu müqavilə ilə Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya verildi”.
K. Zatulin Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsinin əhəmiyyətli olduğunu söyləyib. O, Qarabağ xanlığını erməni xanlığı adlandırıb: “Qarabağ xanlığının imperiya tərkibinə keçməsi ilə Rusiya qardaş erməni xalqını öz doğma torpaqlarına qaytarmış oldu və ermənilərə öz müqəddəratını həll etmək şəraiti yaratdı. Rusiya ilə İran arasında 1813-cü ildə imzalanan bu müqavilənin Cənubi Qafqaz xalqlarının formalaşmasında, dövlətçilik ənənələrinin yaranmasında da böyük rolu olub. Cənubi Qafqaz xalqları bu müqavilədən sonra Rusiya imperiyasının və Sovetlər Birliyinin tərkibində, daha sonra isə, 1991-ci ildə müstəqil dövlətlərini qurublar”.
“Gülüstan” müqaviləsinin Rusiya dövlətinin tarixində şanlı səhifə olduğunu söyləyən K. Zatulin bu tarixin bayram kimi qeyd edilməsini təklif etdiyini də söyləyib.
İştirakçılar konfransda “Gülüstan” sülh müqaviləsi haqqında danışmaqdan daha çox Azərbaycanı müzakirə mövzusu ediblər. Erməni və ermənipərəst rusiyalı ekspertlər tərəfindən Azərbaycanın ünvanına iftira və böhtanlar səsləndirilib.
Tədbirin əsas təşkilatçılarından olan K. Zatulin separatçı rejimin nümayəndəsi Albert Andryana söz verib, onu “Dağlıq Qarabağ Respublikası”nın Rusiyadakı daimi nümayəndəsi kimi təqdim edib.
A. Andryan çıxışında qondarma “DQR” prezidenti Bako Saakyanın konfrans iştirakçılarına salamını və təşəkkür məktubunu çatdırıb. “Gülüstan” sülhünün Qarabağ ermənilərinin həyatında mühüm rol oynadığını söyləyən qondarma nümayəndə çıxışında Azərbaycan əleyhinə bəyanatlar da səsləndirib.
Daha sonra qondarma “DQR”-in “Xarici İşlər Nazirliyi”nin müşaviri Ruben Zarqaryana söz verilib. R. Zarqaryan Azərbaycanı terrorçu ölkə adlandırıb: “Bu gün Azərbaycanda terrorçu qruplar hazırlanır. Bu terrorçu qruplar Rusiya ərazisində terror törətməyi planlaşdırırlar. Azərbaycanın “Əl-Qaidə”dən heç bir fərqi yoxdur. Qarabağ müharibəsi zamanı da Azərbaycan “Əl-Qaidə”nin gücündən istifadə edib”.
O, Azərbaycana qarşı yeni ərazi iddiaları da irəli sürüb, “DQR”-in ərazilərinin bir qisminin Azərbaycanın işğalı altında olduğunu söyləyib.
Konfransa qatılan bütün ermənilər çıxışlarında saxta erməni tarixindən danışaraq Azərbaycana qarşı yalan və iftira dolu bəyanatlar səsləndiriblər. Konfransa qatılan ermənipərəst rusiyalı politoloq və tarixçilər də onlarla həmrəylik nümayiş etdiriblər.
“Regnum” agentliyinin keçmiş həmtəsisçisi və baş redaktoru, 2005-2007-ci illərdə Rusiya Prezident Administrasiyasının regionlararası və mədəni əlaqələr idarəsinin müdiri olmuş Modest Kolerov çıxışında Rusiyanın qondarmaq “DQR”-in müstəqilliyini tanımağa məhkum olduğunu söyləyib: “Ermənistan bu gün “DQR”-in təhlükəsizliyinin qarantıdır. Rusiya isə həm Ermənistanın, həm də “DQR”-in təhlükəsizliyinin qarantıdır. Ümumilikdə bu regionda sabitlik və təhlükəsizlik Rusiya və İransız mümkün deyil. Azərbaycan isə bu region üçün təhlükədir. Bu gün Rusiya bu təhlükəni görməlidir. Azərbaycan tərəfindən Dağıstana qarşı ekspansiya siyasəti yeridilir. Azərbaycanın məqsədi bizə aydındır. Bu birbaşa Rusiyaya qarşı olan siyasətdir”.
Konfransın gedişində bir neçə rusiyalı ekspert tərəfindən tədbirə azərbaycanlı ekspertlərin dəvət olunmaması ilə bağlı narahatlıqlar səslənib. Təşkilatçı K. Zatulin isə konfransa Azərbaycandan ekspertlərin dəvət olunduğunu, lakin onların dəvəti qəbul etmədiyini söyləyib. O, bunu özünün Azərbaycanda “persona non-qrata” elan olması ilə əlaqələndirib.
Lakin APA-nın Moskva müxbirinin apardığı kiçik araşdırma K. Zatulinin yalanını ortaya çıxarıb. Belə ki, adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, onun direktoru olduğu MDB ölkələri İnstitutunun rəhbərliyində təmsil olunan şəxslər tərəfindən K. Zatulinə konfransa Azərbaycandan da mütəxəssislərin dəvət edilməsinin vacib olduğu söylənilib. Lakin K. Zatulin öz mövqeyində israr edərək, konfransa Azərbaycandan mütəxəssislər dəvət etməyib.
Redaksiyadan: Rusiyanın rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımasına, Dağlıq Qarabağ münaqişəsinin həllini tənzimləyən ATƏT-in Minsk qrupunda həmsədr ölkə olmasına, rəsmi Moskvanın dəfələrlə Azərbaycanı MDB çərçivəsində tərəfdaş ölkə kimi qəbul etməsi ilə bağlı bəyanatlar səsləndirməsinə baxmayaraq, Rusiya dövlətinin maliyyələşdirdiyi bir təşkilatın (MDB Ölkələri İnstitutu) təşəbbüsü ilə Kremlin balansında olan “Prezident” hotelində Azərbaycanın ərazi bütövlüyünü təhdid edən iftira dolu bəyanatlar səslənir, ölkəmizin 20 faiz torpaqlarını işğal edən ermənilərə yalanlarını dilə gətirməyə tribuna verilir. Bu faktı Rusiya Xarici İşlər Nazirliyi necə izah edəcək, maraqlıdır.
Xatırladaq ki, 2012-ci il mayın 18-də Rusiya Türkiyəyə xəbərdarlıq edib. Buna səbəb mayın 12-13-də İstanbulda “Qafqaz forumu” adı altında keçirilən tədbirdə Rusiya əleyhinə fikirlərin səslənməsi olmuşdu. Rusiya XİN-in xəbərdarlıq bəyanatında deyilirdi: “Rusiya xarici siyasət idarəsi Türkiyədə Rusiyanın ərazi bütövlüyünü təhdid edən, iki ölkə arasındakı münasibətlərə kölgə salan tədbirlərin keçirilməsini qəbuledilməz sayır. Mayın 12-13-də İstanbulda Qafqaz Forumu adı altında keçirilən tədbirdə Rusiya əleyhinə bəyanatlar yer alıb. Tədbirdə terrorçu Doku Umarovun çağırışı, Rusiya və onun tərəfdarlarına qarşı mübarizə aparmaq kimi iki ölkə arasındakı münasibətlərə kölgə salacaq fikirlər səslənib. Üstəlik Türkiyə dövləti də bu tədbirin keçirilməsinə göz yumub. Bu, bizi çox təəssüfləndirdi. Biz Türkiyə dövlət rəsmilərinin bu cür tədbirlərin keçirilməsinə icazə verməməsini istəyirik. Belə tədbirlər mövcud Rusiya-Türkiyə münasibətlərini korlaya bilər”.
2012-ci ilin mayında İstanbulda keçirilən konfransda Rusiyanın ərazi bütövlüyünü təhdid edən bəyanatlar səsləndiyi kimi, Moskvada keçirilən beynəlxalq konfransda da Azərbaycanın ərazi bütövlüyünü təhdid edən, Rusiya-Azərbaycan arasındakı münasibətlərə kölgə salan bəyanatlar səslənib. İstanbulda keçirilən konfransda terrorçu Doku Omarovun çağırışı səslənmişdisə, Moskvada keçirilən konfransda da əli çoxlu sayda azərbaycanlının qanına batan Bako Saakyanın təbrik məktubu səslənib. Belə addıma görə rəsmi Ankaraya xəbərdarlıq edən Rusiyanın bu tədbirin keçirilməsinə münasibəti maraq doğurur.