Milli Şuradan Rəsul Quliyevin bəyanatlarına MÜNASİBƏT
11 sentyabr 2013 15:48 (UTC +04:00)

Milli Şuradan Rəsul Quliyevin bəyanatlarına MÜNASİBƏT

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev mütəmadi olaraq üzvü olduğu Mili Şuranı və onun fəaliyyətini sərt şəkildə tənqid edir. Milli Şuranın digər üzvlərinin R. Quliyevin bu tipli açıqlamalarına münasibəti necədir? Siyasi proseslərdə iştirak etməyən, üzvü olduğu qurumu ardıcıl tənqid edən Rəsul Quliyevin Milli Şurada qalmasına ehtiyac varmı?

 

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Müsavat Partiyası başqanının müşaviri, Milli Şuranın üzvü Mustafa Hacıbəyli  deyib ki, Rəsul Quliyev Azərbaycandakı proseslərdən kənardadır və baş verənlərdən xəbərsizdir.

 

Mustafa Hacıbəyli bildirib ki, ümumiyyətlə, Rəsul Quliyevin hadisələrə düzgün qiymət vermək imkanları məhduddur: “Rəsul Quliyevin Milli Şuraya qarşı ittiham səsləndirməyə haqqı yoxdur. Çünki biz ağır şərtlər altında bacardığımız qədər fəaliyyət göstəririk və cəmiyyətə bir şans təqdim etmişik. Qısa müddət ərzində Cəmil Həsənli üçün 45 min imza toplamışıq, Milli Şuranı böhran vəziyyətindən çıxarmışıq. Belə bir məqamda Rəsul Quliyevin Milli Şura üçün heç bir iş görmədən ancaq təftişlə məşğul olması onun əqidəsini şübhə altına qoyur. 2008-ci ildə Rəsul Quliyev ACP-nin rəsmi qərarı ilə İlham Əliyevin namizədliyini dəstəkləmişdi. Görünür, 2013-cü ildə də Rəsul Quliyev yenə İlham Əliyevin namizədliyini dəstəkləyir, sadəcə, bu dəstək başqa formadadır”.

 

Mustafa Hacıbəyli qeyd edib ki, bir müddət əvvəl R. Quliyevin Mili Şuradan çıxarılması barədə təkliflər irəli sürülüb, lakin təklif səsə qoyulmayıb: “Əgər təklif səsə qoyularsa, mən buna səs verərəm”.

 

AXCP sədrinin müavini Gözəl Bayramlı  bildirib ki, hər hansı qurumun üzvü olan şəxs həmin qurumun prinsiplərinə, onun qəbul etdiyi sənədlərə hörmətlə yanaşmalı və o prinsiplərə uyğun hərəkət etməlidir: “Mən özüm də üzvü olduğum qurumun qərarlarına hörmətlə yanaşmağı özümə borc bilirəm. İndi kimlərinə başqa cür yanaşması həmin insanların özlərinə aid olan məsələdir. Azərbaycan cəmiyyəti hər kəsin mövqeyini bilir. Mən Rəsul Quliyevin Milli Şuradan çıxarılması məsələsinə münasibət bildirmək istəmirəm. Çünki buna birbaşa Milli Şuranın sessiyasında baxılmalıdır. Biz yalnız bu səsvermədə iştirak edərək mövqeyimizi ortaya qoya bilərik”.

 

Milli Şuranın üzvü Vidadi Mirkamal Rəsul Quliyevin fikirlərini təbii qəbul etdiyini və hər kəsin bu fikirlərə hörmətlə yanaşmalı olduğunu vurğulayıb: “Bu, Rəsul Quliyevin öz fikridir və bunu ifadə edib. Düşünürəm ki, kimisə fikrinə görə cəzalandırmaq düzgün deyil”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835
avatar

Oxşar yazılar