Milli Şuranın Mitinq Komitəsi növbəti mitinqin günü ilə bağlı qərar verib. Mitinq KOmitəsinin sədri Asəf Quliyev Hafta.az-a açıqlamasında bildirib ki, növbəti mitinq sentyabrın 22-də keçiriləcək: “Hazırda bununla bağlı Hazırlıq işləri gedir”.
A. Quliyev qeyd edib ki, hələlik mitinqin harada keçiriləcəyi müəyyən edilməyib: “Bu gün hökumət namizədlərin seçicilərlə görüşməsi üçün ayrılan açıq və qapalı məkanların siyahısını açıqlayıb. Biz bu siyahıya nəzər yetirdik. Orada göstərilənlərdən ən münasibi Qələbə kinoteatrının arxasındakı stadiondur. Amma hələ ki, yer barədə konkret qərar verilməyib. Hakimiyyətin təklif etdiyi yerlərin hamısı bizim üçün əlverişli deyil. Çünki Hövsan, Xocəsən kimi yerlərə seçicilərin getməsi çətindir. Təklif edilən yerlərdən biri seçilib, Bakı meriyasına müraciət olunacaq”.
Komitə sədri mitinqə hazırlıq işləri haqda danışıb: “Yer və digər məsələlərin dəqiqləşməsi üçün sabah Mitinq Komitəsi iclas keçirəcək. Şüarlar demək olar ki, hamısı hazırdır. Bircə Cəmil Həsənlinin böyük portretinin hazırlanması qalıb. Bu da 1-2 günə həll ediləcək. Mitinqə 20 min adam çıxarılması nəzərdə tutulub”.