Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu iclası keçiriləcək.
Lent.az-ın verdiyi məlumata görə, iclasın gündəliyinə 23 məsələ salınıb. Millət vəkilləri öncə Fərhad Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edəcəklər.
Gündəlikdə “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında”, “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında”, “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” müqavilənin təsdiq edilməsi barədə qanununun layihələri salınıb. Millət vəkilləri “İcra haqqında”, “Əmək pensiyaları haqqında”, “Milli arxiv fondu haqqında” qanunlarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında dəyişikliklər edilməsi barədə qanun layihələrini də müzakirə edəcəklər.
“Sosial müavinətlər haqqında” qanunda, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Avtomobil yolları haqqında” qanunlarda, Mülki Məcəllədə, Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində də dəyişikliklər ediləcək. Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri də müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, millət vəkillərinin müraciəti əsasında növbədənkənar sessiyanın keçirilməsi də nəzərdə tutulub.