Milli Məclisin 2013-cü il payız sessiyasının qanunvericilik işləri planına 15 bənd üzrə məsələlər salınıb.
Bunu Lent.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu söyləyib.
Akif Təvəkküloğlu deyib ki, birinci bənd Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Naxçıvan Ali Məhkəməsinin, Baş prokurorun qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri ilə bağlıdır. Qanunlara əlavə və dəyişikliklərlə bağlı bənddə də çoxlu sayda məsələ yer alıb. Bu sırada orden və medalların verilməsi ilə bağlı qanunvericilik aktlarına dəyişikliklər, Cinayət, Cinayət-Prosessual və Əmək məcəllələrinə dəyişikliklər və digər məsələlər yer alıb: “Ümumiyyətlə, işlər planında iqtisadi, sosial, siyasi, hüquqi və digər sahələr üzrə qanun layihələri yer alıb. İşlər planında dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, “İctimai iştirakçılıq haqqında”, “Sosial sifarişlər haqqında” qanun layihələri, Rəqabət Məcəlləsinin layihəsi, “Reklam haqqında”, “Akkreditasiya haqqında” qanun layihələri, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Elm siyasəti haqqında”, “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklərin edilməsi haqqında”, “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihələri var”.
Akif Təvəkküloğlu Milli Məclisin payız sessiyasının işlər planının parlamentin sentyabrın 30-da keçiriləcək ilk iclasında müzakirəyə çıxarılacağını nəzərə çatdırıb. İlk iclasın gündəliyinə ümumilikdə 41 məsələ salınıb. Bir çox məsələlər hökümətlərarası sazişlərin, müqavilələrin təsdiq olunması ilə bağlıdır. Medallar, xüsusilə yubiley medallarında dəyişikliklər ediləcək. Bununla bağlı 20-yə yaxın qanuna dəyişiklik nəzərdə tutulur. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi, İnzibati Prosessual Məcəllədə, Cinayət Məcəlləsində və bir sıra başqa qanunlarda dəyişiklər edilməsi də gündəliyə salınıb.