Bir qrup azərbaycanlı millət vəkili Rusiyaya səfər edəcək. Bu barədə Lent.az-a Milli Məclisdən məlumat verilib. Belə ki iyunun 5-də Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Cavanşir Feyziyev və Rasim Musabəyov “Rusiya-Azərbaycan regionlararası dialoq-2013” adlı IV forumda iştirak etmək üçün Rusiyanın Volqoqrad şəhərinə yola düşəcəklər.
Tədbir çərçivəsində regionlararası əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək, enerji tərəfdaşlığının intensivləşdirilməsi imkanlarına nəzər salınacaq, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi diqqət mərkəzində olacaq. Tədbirdə həmçinin Xəzər regionunda sabitliyin təmin olunmasında Rusiya ilə Azərbaycanın rolundan söhbət açılacaq, Rusiya və Azərbaycan gənclərinin yaxınlaşması, yeni nəslin dialoqunun qurulması istiqamətində fikir mübadiləsi aparılacaq.
Tədbirin sonunda Forumun nəticələri barədə yekun bəyannamə qəbul ediləcək. Səfər iyunun 7-də başa çatacaq.