“Bəzi seçki məntəqəsində Seçki Məcəlləsinin müddəalarının ciddi pozulması halları baş verib”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin 29 saylı məntəqəsində bayırda dayanaraq, seçicilərin məntəqəyə daxil olmasının qarşısını alıb: “Baş verən bu hal aktlaşdırılıb. Həmin şəxsin kimliyi müəyyənləşdirilib. Bu şəxs “Azadlıq” qəzetinin əməkdaşı Əliyev Xəqanidir. Ağdaşda isə bir nəfər özünü KİV nümayəndəsi kimi təqdim edib. Sonra sənədin saxta olduğu məlum olub”.
MSK sədri seçki bülleteninin qaçırıldığı haqda məlumatın olduğunu da qeyd edib: “Cəlilabad rayonunda bir nəfər 10 bülleteni götürüb qaçıb. Hadisə aktlaşdırılıb və həmin adam axtarışa verilib. Zərdabda seçki məntəqəsində qanunsuz çəkiliş aparan şəxs isə narahatlıq yaradıb. Xətai rayonunda bir qadın bülleteni götürüb, qaytarmır. Bütün bunlar seçki prosesinə müdaxilədir və məqsəd prosesi pozmaqdır. Bu cür hərəkətlər təxribat xarakterli ola bilər”.