MŞ-nin «qaynar xətt»inə prosesi işıqlandıran iki jurnalist - «Ayna-Zerkalo» qəzetinin əməkdaşı Cəsur Məmmədov və BBC Azərbaycan xidmətinin əməkdaşı Naibə Abdıyevə müraciət edib. Bu barədə Lent.az-a MŞ-dan məlumat verilib. Şura Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaratdıqdan sonra hər iki anlaşılmazlıq aradan qaldırılıb.
Ölkəmizin müxtəlif bölgələrində 9 oktyabr prezident seçkisini izləyən Mətbuat Şurasının monitorinq qrupunun üzvləri gün ərzində media təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar. Onların müşahidələrinə əsasən, yerli və xarici KİV-lərin əməkdaşlarının prosesi işıqlandırmalarına hər cür şərait yaradılıb.
Bundan başqa gün ərzində MŞ sədri Əflatun Amaşov və Şuranın digər əməkdaşları müxtəlif seçki məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyətilə tanış olublar.
Mətbuat Şurasının kütləvi informasiya vasitələri təmsilçilərinin 9 oktyabr prezident seçkisində iştirakına dair rəyi bundan ibarətdir ki, jurnalistlərin prosesi işıqlandırmaları ilə bağlı vəziyyət qənaətbəxş olub. Seçki qanunvericiliyinin tələbləri gözlənilib. Peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərə məhdudiyyətlər yaradılmayıb. Şura hesab edir ki, medianın fəallığı ölkədə azad və demokratik seçkinin təşkili üçün zəruri olan informasiya mühitinin formalaşması baxımından müstəsna rol oynayıb.