Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin federal planlaşdırma, ictimai sərmayələr və xidmətlər naziri Xulio De Vido ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında enerji, rabitə, informasiya texnologiyaları, peyk rabitəsi, infrastruktur sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə bu sahələrdə müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb və bu xüsusda fəaliyyət istiqamətləri müzakirə edilib. Cari ilin dekabr ayında keçiriləcək “Bakutel 2013” Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında Argentina tərəfinin iştirakı məsələsi də görüşdə əsas diqqət mərkəzində olan mövzulardan olub.