Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Parisdə səfərdədir. O, mayın 22-də Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri xanım Elizabet Qiqu ilə görüşüb. Lent.az-ın məlumatına görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayan Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri bu səfərin parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə töhvə verəcəyini bildirib. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edən xanım E. Qiqu Azərbaycanda gedən sürətli inkişaf proseslərinin maraqla qarşılandığını, Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin inkişaf etdiyini vurğulayıb.
Mehriban Əliyeva ölkəmizin xarici siyasətində Avropaya inteqrasiyanın mühüm yer tutduğunu, Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdiyini diqqətə çəkib, ölkəmizin bu təşkilatın “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak etdiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Mehriban Əliyeva münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.
Mehriban Əliyeva: “ Münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir”
585