Prezident seçkisində namizədlər yenə də ödənişli təşviqatdan yararlana bilərlər. Artıq bununla bağlı tariflər də açıqlanıb. İctimai TV, «Azərbaycan», «Xalq qəzeti», «Respublika» və «Bakinski raboçi» qəzetləri ödənişsiz efir vaxtı və təşviqat materiallarının dərcinə yer ayıracaq. Həm bu, həm də digər kütləvi informasiya vasitələri namizədləri ödənişli reklam edə bilərlər.
Həftədə 6 dəfə A:2 formatda çıxan rəsmi dövlət qəzeti “Azərbaycan” 1 kvadrat santimetrə 5 manat qiymət qoyub. Eyni dövrilik və formatda işıq üzü görən “Xalq qəzeti” də seçki reklamını həmin qiymətə təklif edir.
“Bizim yol” qəzeti (həftədə 5 dəfə A:3 formatda nəşr olunur) həmin həcm üçün 20-50 qəpik istəyir.
Həftəlik “Reytinq” qəzeti (formatı A:3-dür) 1 kvadrat santimetr reklam üçün maksimum 50 manat, minimum 8 manat ödənməsini istəyir.
Həftədə 4 dəfə A:2 formatda, 1 dəfə isə A:3 formatda çıxan “Novoye vremya” qəzetində 1 səhifənin qiyməti 400-600 manat arasında dəyişir.
Media qurumları ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
«Azərbaycan» qəzetində reklamın 1 kv.sm-nin qiyməti 5, «İki sahil» qəzetində 10 AZN-dir. Qəzetin internet saytında bir aylıq bannerin qiyməti 12000 manatdan 20000 manatadək dəyişir. Qəzetdən bildirirlər ki, qiymət seçkiyə görə müəyyənləşdirilib.
“Səs” informasiya agentliyində banner 10000, bir dəfəyə məlumat yerləşdirmək 5000 AZN-dir. «Səs» qəzetində birinci və sonuncu səhifələrdə bir kv.sm-in qiyməti 50 AZN, orta səhifələrdə 40 AZN-dir.
MSK-nın sözçüsü Azər Sarıyev Azadlıq Radiosuna deyib ki, avqustun 28-də İTV və Lider TV ödənişli təşviqat üçün müraciət edib. ANS televiziyasından avqustun 27-də “Mediaforum” saytına bildirilib ki, bu barədə qərar verilməyib. «Space» televiziyası isə prezident seçkisinin ödənişli təşviqat kampaniyasında iştirak etməyəcəyini vurğulayıb.
«VisionTV» internet televiziyasında 30 dəqiqəlik veriliş 100 manat, 1 dəqiqəlik tanıtım rolikinin qiyməti 30 manat, 15 dəqiqəlik tanıtım isə 50 manatdır.
Ən ilginc tariflər isə İTV-yə məxsusdur. Belə ki, bu telekanalda 1-6 günlər saat 11.50-də 3 dəqiqəlik çıxışın hər saniyəsi 20 AZN-dir ki, bu da ən aşağı tarif sayılır. Həftənin bəzi günləri və bəlli saatlarında bu qiymətlər artan xətt üzrə inkişaf edir. Ən yüksək göstərici həftənin 1-7 günlər saat 19.50 və 20.15 radələrinə təsadüf edir. Həmin saatlarda müvafiq olaraq 4 və 5 dəqiqəlik çıxışların hər saniyəsi üçün 50 manat ödənilməlidi. 1-5 günlər isə saat 23.48-də 4 dəqiqəlik çıxışın hər saniyəsi üçün 40 manat nəzərdə tutulur.
APA informasiya agentliyində bannerin qiyməti 2000 manatdan 5000 manatadək dəyişir. Bir press-relizin qiyməti 400, bir müsahibənin qiyməti 600 manatdır.
“Bizim yol” qəzetinin 1-ci səhifəsində 1 kv.sm-in qiyməti 50 qəpik, 16-cı səhifədə 40, iç səhifələrdə 20-30 qəpikdir.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov isə bildirdi ki, qəzet artıq reklam tariflərini müəyyənləşdirib. Belə ki, qəzetin çap variantında 1 kv.sm-in qiyməti 1 manatdır ki, bu da bir səhifəlik reklamın 1000 manat olması anlamına gəlir.
“Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev isə dedi ki, onlar reklam işində iştirak etməyəcəklər. O, bunu şərtlərin sərt olması ilə izah etdi.
Musavat.com