Litvanın ilk prezidenti Azərbaycana gəlir
22 aprel 2013 17:15 (UTC +04:00)

Litvanın ilk prezidenti Azərbaycana gəlir

0

Müstəqil Litvanın ilk dövlət başçısı (1990-1992), Litva Respublikası Seyminin sədri (1996-2000), Avropa Parlamentinin üzvü və Avropa Parlamentinin Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə nümayəndə heyəti sədrinin müavini Vitautas Landsbergis mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunun işində iştirak etmək üçün Azərbaycana səfərə gələcək.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Vitautas Landsbergis Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil edilən forumda Cənubi Qafqaz bölgəsində geopolitik durum, həlli uzadılmış münaqişələr, Avropa İttifaqı - Cənubi Qafqaz əməkdaşlığı və Şərq partnyorluğu siyasətinin açdığı yeni imkanlar mövzusunda məruzə edəcək.

 

Vitautas Landsbergis hazırda müstəqil dövlət kimi Avropa Şurasının üzvü olan keçmiş sovet respublikalarında Avropa ictimai-siyasi fikrinin və açıq vətəndaş cəmiyyəti təsisatlarının bərqərar olmasının vacibliyi və sivil dövlət quruculuğu yolunda, insan hüquqları sahəsində demokratik islahatlar keçirilməsinin zəruriliyi barədə mediada və Avropa İttifaqı institutlarında vaxtaşırı çıxışlar və çağırışlar edən nüfuzlu siyasi xadim kimi tanınıb. Onun   çıxışlarının mühüm hissəsi Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bucağı altında Cənubi Qafqazın siyasi və iqtisadi baxımdan vahid və sabit region kimi formalaşdırılması məsələsinin aktuallığına həsr olunüb.  Vitautas Landsbergis ictimai-siyasi publisistik yazılarında Cənubi Qafqaz dövlətlərinin siyasi baxımdan Avropa İttifaqına yaxınlaşdırılmasını və onların Avroatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya edilməsini, regionda Rusiyanın imperiya iddialarını neytrallaşdırmaq və bu ölkələri Kremlin “göbəyindən tamamilə kəsib uzaqlaşdırmaq” üçün taleyuklü əhəmiyyəti olan proseslər kimi vurğulayır. Litvanın ilk dövlət başçısı Gürcüstan və Azərbaycan ərazilərinin qonşu dövlətlərin təhriki ilə işğal edilməsini və regiondakı “dondurulmuş” münaqişələrin uzun müddət həll olunmamasını  strateji məqsədlərə bütünlüklə çatmaq üçün ciddi maneə törədən hərbi və geosiyasi faktorlar kimi siyasi fəaliyyətində daim diqqət mərkəzində saxlayır. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün aparılan danışıqları da mütəmadi izləyir və vaxtaşırı müvafiq mülahizələr yürüdür, rəy və şərhlərini söyləyir.

 

Vitautas Landsbergis ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı gedən danışıqları yarıtmaz sayır, bu qrupa üzv olan dövlətləri münaqişənin nizamlanmasında nəticənin olmamasında sərt tənqid edir, işğalçı Ermənistanın ATƏT-lə hesablaşmamasını, onun tövsiyələrinə təpki ilə yanaşmasını Minsk qrupunu özünü doğrultmayan və siyasi arenada sözü keçməyən bir qurum olmasını təsdiq edən faktlar kimi dəyərləndirir. O, məqalələrinin birində Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların müharibədən başqa heç nə vəd etmədiyini bildirib. Vitautas Landsbergis ATƏT-in Minsk qrupunun bu vaxtadək heç bir nailiyyət qazanmadığını, erməni təcavüzünə son qoymaq və Azərbaycan torpaqlarının işğaldan azad etmək üçün bu qrupa üzv olan ABŞ, Fransa və Rusiya dövlətlərinin qeyri-konstruktiv mövqe tutduqlarını və beləliklə, Qarabağ danışıqlarının dalana dirəndiyini təəssüflə vurğulayan Vitautas Landsbergis münaqişənin həllinə Avropa İttifaqı qurumlarının daha yaxından cəlb edilməsini qənaətbəxş sayır və bu yolda Avropanın Parlament diplomatiyasını gücləndirməyi təklif edir, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin həlli axtarışlarında Avropa Şurasının və Avropa İttifaqının digər təsisatlarının fəal iştirakını təbliğ edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1140

Oxşar yazılar