Latviya Respublikasının prezidenti Andris Berzinş Azərbaycan prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Lent.az-ın məlumatına görə, təbrik məktubunda deyilir: “Əziz dostum, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Azərbaycanın və xalqınızın mənafeyi naminə məsuliyyətli işinizdə Sizə uğurlar diləyirəm. Azərbaycan Latviyanın Cənubi Qafqazda etibarlı və vacib tərəfdaşıdır. Ölkələrimiz arasında ikitərəfli dostluq, konstruktiv və qarşılıqlı dəstək əlaqələri mövcuddur. Əminəm ki, ali dövləti vəzifədə olduğunuz illərdə Latviya ilə Azərbaycan arasında tərəfdaşlıq iqtisadi əməkdaşlığın çiçəklənən və tərəqqi edən inkişafı üzərində qurulacaq”.
Bu ilin aprelində Azərbaycana rəsmi səfərini xoş təəssüratlarla xatırladığını bildiriən Latviya prezidenti vurğulayıb ki, iki ölkənin uğurlu əlaqələrindən məmnundur: “Ümid edirəm ki, ölkələrimizin müxtəlif təşkilatları arasındakı əməkdaşlıq, həmçinin şəxsi əlaqələrimiz növbəti illərdə də güclənəcək. Zati-aliləri, icazə verin, Riqanın Avropanın mədəniyyət paytaxtı seçiləcəyi 2014-cü ildə Sizin Latviyaya səfərinizlə bağlı səmimi dəvətimi bir daha təkrar edim. Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin”.
Qeyd edək ki, bu gün həmçinin, Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasone, Alman-Azərbaycan Forumunun sədri Hans Eberhard Şleyerdən və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah da İlham Əliyevə prezident seçilməsi münasibətilə təbrik məktubları göndəriblər.