Kerri Elmar Məmmədyarovun Azərbaycana rəsmi səfər təklifini qəbul edib
04 iyun 2013 10:13 (UTC +04:00)

Kerri Elmar Məmmədyarovun Azərbaycana rəsmi səfər təklifini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ Dövlət katibi Con Kerri ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı C. Kerri Azərbaycanın ABŞ-ın önəmli tərəfdaşı olduğunu vurğulayaraq, ölkəmizin Əfqanıstanda NATO-nun Beynəlxalq Sülhə Dəstək Qüvvələrinə (İSAF) yardımını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynadığını qeyd edib. C. Kerri Ermənistan-Azərbaycan münaqişəsinin regionun sabitliyinə təhdid olduğunu bildirərək, ABŞ-ın Minsk Qrupunun həmsədr ölkəsi qismində tərəflərə münaqişənin həllini tapmağa kömək etməyə davam edəcəyini qeyd edib, ABŞ-ın bu münaqişənin həllində çox maraqlı olduğunu vurğulayıb.

 

Öz növbəsində, E. Məmmədyarov Azərbaycanın ABŞ-la ikitərəfli əlaqələrə önəm verdiyini, iqtisadi, investisiya və enerji sahələrində, habelə beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminlik bildirib. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə danışan nazir “status-kvo”nun dəyişməli olduğunu qeyd edib, danışıqlarda irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının gərəkdiyini vurğulayıb.

 

Görüş zamanı E. Məmmədyarov C. Kerrini Bakıya rəsmi səfər etməyə dəvət edib. C. Kerri öz növbəsində belə səfərin həyata keçirilməsində çox maraqlı olduğunu qeyd edərək dəvəti məmnuniyyətlə qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628
avatar

Oxşar yazılar