Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Kanada parlamenti İcmalar Palatasının Liberallar Partiyasından üzvü Stefan Dion Azərbaycanın Kanadadakı səfirliyinə gələrək, səfir Fərid Şəfiyevlə görüşüb.
Kanadadakı səfirliyimizdən Lent.az-a verilən məlumata görə, görüş zamanı S.Dion bir müddət əvvəl Suriya qaçqınlarının vəziyyətini öyrənmək üçün Ermənistanda səfərdə olarkən təsadüfən Dağlıq Qarabağa gedib çıxdığını bildirib. O, heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanımadığını və oraya səfər edərkən, Azərbaycanın qanunlarını pozduğundan xəbərsiz olduğunu vurğulayıb. Dion Azərbaycana hörmət etdiyini və ölkəmizin dostu olmaq istədiyini bildirib.
Bundan başqa, Dion Azərbaycan səfirliyinə məktub ünvanlayıb. Məktubda o, Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk Qrupunun prinsipləri əsasında sülh yolu ilə həllinə dəstəyini izhar edib və Kanada ilə Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə vermək arzusunu ifadə edib.