Avropanın ən böyük universitetlərindən biri olan Romanın “Sapienza” Universitetində Azərbaycanşünaslıq kursunun təsis edilməsinin birinci il dönümünə həsr edilmiş konfrans keçirilib. Bu barədə Lent.az-a Azərbaycanın İtaliyadakı səfirliyinə istinadən məlumat verir.
Konfrans iştirakçılarına “Sapienza” Universitetinin rektoru professor Luici Frattinin adından təbriklərini çatdırmış Universitetinin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru professor Antonello Biacini Azərbaycan ilə İtaliya arasında çoxsahəli əlaqələrin mövcud olduğunu və 2012-ci ildə Bakı şəhərində “Sapienza” Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq sazişlərinin əhəmiyyətli olduğunu qeyd edib. A.Biacini Azərbaycanın İtaliyadakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində “Sapienza” Universitetinin tədqiqatçıları tərəfindən Azərbaycanın tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzularında yazılmış kitablar barədə məlumat verib.
Tədbirdə “Sapienza” Universitetinin müxtəlif sahələr üzrə professorlar və müəllim heyətinin üzvləri Daniel Pomiyer, Andrea Karteni, Fabio Grassi, Alfredo Antonaçi və Roberto Kerubini çıxış edərək Azərbaycanşünaslıq kursunun məhz bu Universitetdə təsis edilməsinin önəmliyini qeyd ediblər. Konfransda Azərbaycanşünaslıq kursunu bitirmiş və ölkəmizə səfər etmiş Universitetin tələbələri də çıxış ediblər.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov “Sapienza” Universitetinin rəhbərliyinə təşəkkürünü bildirərək belə bir tədris kursunun təsis edilməsinin əhəmiyyətini bildirib.
Tədbirin ikinci hissəsini açmış “Sapienza” Universitetinin Avropanın müasir tarixi kafedrasının müdiri professor xanım Ciovanna Motta öz çıxışında müasir tarixin öyrənilməsinin İtaliyanın digər ölkələrlə əlaqələrin genişlənməsində əhəmiyyətini qeyd edib.
Daha sonra səfir Vaqif Sadıqov Azərbaycanın müasir tarixi, xarici və iqtisadi siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzularına həsr edilmiş mühazirə ilə çıxış edib.
Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılmış və müzakirələr aparılmışdır. Tədbirdə “Sapienza” Universitetinin professorları, müəllim heyətinin üzvləri, tələbələri və mətbuat orqanlarının nümayəndələri iştirak edib.