Azərbaycanın Türkiyədəki səfirliyinin Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində cari ilin 10 may tarixində İstanbulda Çırağan Sarayında geniştərkibli tədbir həyata keçirilib.
Tədbirdə səfir Faiq Bağırov başda olmaqla Səfirliyimizin əməkdaşları, Türkiyənin çox sayda sabiq nazirləri, millət vəkilləri, elm adamları, ictimai xadimlər, incəsənət xadimləri, diaspor nümayəndələrimiz və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə, Heydər Əliyev Fondunun Türkiyə nümayəndəsi Samir Cəfərov, səfir Faiq Bağırov və Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar çıxış ediblər.
Səfir Faiq Bağırov, öz çıxışında Ulu Öndərin Sovet İttifaqı zamanı da daxil olmaqla, Azərbaycanın müstəqilliyini yenidən əldə etməsindən sonrakı dövrlərdə tutduğu vəzifələrdə ölkəmizə etdiyi əvəzsiz xidmətlərdən, dövlətçiliyimizin qurulmasındakı mühüm rolundan və beynəlxalq aləmdə Azərbaycanın özünəməxsus yer tutmasında olan səylərindən əsaslar gətirərək geniş şəkildə bəhs edib.
Türkiyə Respublikası prezidenti Abdullah Gülün və Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəlin mesajları oxunub.
Ardından tədbir iştirakçılarına Azərbaycan musiqiləri sədası altında ziyafət verilib.