İsraildə fəaliyyət göstərən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası bu ölkədə yaşayan Azərbaycan icması adından müraciət yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, müraciətdə hazırda İsraillə Azərbaycan arasında əlaqələrin intensiv inkişaf etdiyi qeyd edilib: “İsrail hər bir ölkə ilə, xüsusilə də müsəlman ölkəsi, ələlxüsus da bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanla yaxşı münasibətləri yüksək dəyərləndirir. Bu, sözsüz ki, İsraildəki Azərbaycan icması üçün çox xoş və qürurvericidir”.
Daha sonra müraciətdə bildirilir ki, ikitərəfli əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan diasporu, xüsusilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının səyləri böyükdür. Lakin bu münasibətlərin inkişafında, İsrail-Azərbaycan əlaqələrinə marağın artmasında əsas faktorun Azərbaycan dövlətinin yürütdüyü siyasət olduğu vurğulanır: “Prezident İlham Əliyev beynəlxalq aləmlə strateji tərəfdaşlıq əlaqələrini o qədər savadlı və məharətlə qurub ki, Azərbaycan Qərbin olduğu kimi, Şərqin də maraq dairəsindədir. Ölkələrlə qurulan münasibətlərdə İlham Əliyevin siyasi uzaqgörənliyi və çevik taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial sahədə aparıcı mövqe qazandırıb.
Bütün bunlar Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin xalqına və dövlətinə firavanlıq bəxş etmək üçün yenidən bu məsuliyyətli posta seçilməyə layiq olduğunun təkzibolunmaz sübutudur”.
Qeyd edək ki, İsraildə fəaliyyət göstərən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası 2007-ci ildə Tel-Əviv şəhərində təsis olunub. Təşkilat Azərbaycandan köçmüş və hazırda İsrailin müxtəlif şəhərlərində yaşayan 30 minə yaxın yəhudini birləşdirir.