Bu gün Milli Şuranın sədri Cəmil Həsənli Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüb.
Müsavat Partiyasından APA-ya bildirilib ki, Müsavatın qərargahında keçirilən görüşdə Müsavat Partiyasının Milli Şurada fəaliyyəti müzakirə mövzusu olub.
Cəmil Həsənli də APA-ya açıqlamasında görüşün keçirildiyini təsdiqləyib. Cəmil Həsənli bu görüşün öncədən planlaşdırılmış bir görüş olmadığını, dostyana bir görüş olduğunu deyib: “Tarixdə, ədəbiyyatda, siyasətdə olan və diqqətimizi çəkən bu və ya digər məsələlər haqqında ümumi söhbətləşdik. Burada məqsədyönlü şəkildə konkret məsələlər ətrafında ciddi bir müzakirə aparılmayıb”.
Görüşdə Müsavat Partiyasının Milli Şurada gələcək fəaliyyəti, Müsavat Partiyası ilə Milli Şura arasındakı münasibətlərin müzakirə mövzusu olub-olamamasına gəlincə, Cəmil Həsənli bildirib ki, Müsavat Partiyası ilə Milli Şura arasında ayrıca münasibətlər yoxdur: “Müsavat Partiyası da, digər partiyalar da Milli Şuraya daxildir, ayrıca münasibətlərdən söhbət gedə bilməz”.