Milli Şuranın bir qrup üzvünün Böyük Britaniyaya seçkiqabağı səfərin ciddi dəyişikliklər baş verib.
APA-nın məlumatına görə, ilk olaraq səfərin vaxtı qısaldılıb, bu müddət 5 gündən 2 günə endirilib. Səfərin reallaşacağı tarix isə sentyabrın 11-ə keçirilib.
Bundan başqa, Müsavat Partiyasının başqanı İsa Qəmbərin və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının səfərdə iştirak etməyəcəyi bəlli olub.
Səfər zamanı Milli Şuranı Böyük Britaniyanın paytaxtı Londonda qurumun prezidentliyə namizədi Cəmil Həsənli, sədri Rüstəm İbrahimbəyov və Mərkəzi İcra Aparatının rəhbəri Eldar Namazov təmsil edəcək.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, səfərlə bağlı yekun vəziyyət bu gün bəlli olub. F. Qəhrəmanlı səfərin bu formatda məhdudlaşdırılmasının səbəbini isə belə izah edib: “Səfər Böyük Britaniyanın Kral İnstitutunun dəvəti ilə həyata keçirilir. Qeyri-hökumət təşkilatı olan bu institutun Britaniya hökumətinə də aidiyyəti yoxdur. Sadəcə, həmin qurum səfərin bu şəkildə reallaşmasına dair öz yekun qərarını açıqlayıb. Belə olan halda partiyaların bu cür azmüddətli səfərdə iştirakının o qədər də əhəmiyyəti qalmır. Səfərdə Milli Şuranın bu tərkibdə iştirakı isə heç bir narazılıq yaratmır”.
Qeyd edək ki, Böyük Britaniyanın Kral İnstitutunun dəvəti ilə Londona ediləcək səfərdə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov və adıçəkilən qurumun sədri Rüstəm İbrahimbəyov iştirak edəcəkdi. Səfər sentyabrın 8-11 tarixlərində keçirilməsi nəzərdə tutulurdu.