“Rüstəm İbrahimbəyov ictimai-siyasi xadim kimi bir sıra yanlışlıqlara yol verir”
“Müsavat Partiyasının Milli Şuradan getməsində kim maraqlıdır, bilmirəm. Bu, mənim özümə də təəccüblüdür. İndi bir duyğu seli yaranıb ki, ay haray, Milli Şura çökür, günahkar Müsavatdır. Milli Şura dağılmır. Biz Milli Şura ilə bağlı yaxın günlərdə müzakirə edib qərar verəcəyik. Mən bu qərarın necə olacağını indidən deyə bilmərəm”.
Lent.az-ın məlumatına görə, bu sözləri Azadlıq Radiosuna müsahibəsində Müsavat başqanı İsa Qəmbər deyib.
Müsavat başqanı təkrar edib ki, başqa ölkənin vətəndaşı olan bir şəxsin Milli Şurada sədr və ya fəxri sədr olması Müsavat üçün məqbul deyil. O bildirib ki, R.İbrahimbəyovun sədrliyini vaxtında ona görə dəstəkləyiblər ki, onun Rusiya vətəndaşlığından çıxacağı bildirilirdi, ancaq sonradan bu, baş vermədi: “Rüstəm müəllimin Rusiya vətəndaşı olduğu belə, az qala gizli saxlanılırdı. İndi hamının xoşu gəlir ki, desin, biz bilmirdik Rüstəm müəllim Rusiya vətəndaşıdır.”
İ.Qəmbər bildirib ki, R.İbrahimbəyovun başının üstündə heç kim dayanıb, onu istefaya məcbur etməyib, o, özü istefa verib: “Mən Rüstəm müəllimi müzakirə etmək istəmirəm. O, ictimai-siyasi xadim kimi bir sıra yanlışlıqlara yol verir ki, mən bunların üstünə getmək istəmirəm. Rüstəm müəllim müəyyən məsələlərə bağlı bəyanat verir və o bəyanat Milli Şuranın üzvü olduğu üçün qismən Müsavata da aid olur. Mən bunu istəmirəm”.
Partiya sədrinin sözlərinə görə, başqa dövlətin vətəndaşı olan şəxsin Müsavatın üzvü olduğu quruma rəhbərlik etməsi onlar üçün diskomfort yaradır: “Mən düşünürəm ki, bu tezis hər kəs üçün məqbul sayılacaq. Əgər bu tezis anlaşılmırsa, qəbul edilmirsə, mənim həmin insanların təhlil qabiliyyətinə şübhəm yaranır, ya da düşünürəm ki, onlara ləzzət edir ki, Rüstəm bəylə Müsavat arasında ziddiyyət yaranıb və bu ziddiyyəti qızışdırsınlar”.
İ.Qəmbər deyib ki, kimin həvəsi varsa, R.İbrahimbəyovun bu ilin yanvarından bəri verdiyi açıqlamaları bir yerə toplayıb, onların səmərəliliyini və həmin açıqlamalardakı ziddiyyətləri araşdırsınlar. Məni məcbur etməsinlər ki, Rüstəm müəllimin bu günə kimi olan açıqlamaları əsasında ona qiymət verim”.
Partiya sədri bildirib ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun prezident İlham Əliyevin jurnalistlərin dostu elan edildiyi tədbirdə iştirak etməsini tənqid edənlər və bundan Müsavata hücum etmək üçün istifadə edənlər bir şeyi unudur ki, Rüstəm İbrahimbəyov gündə deyir, Abbas Abbasovla, Vaqif Hüseynovla dostdur, ancaq ondan bunun səbəbini soruşmurlar: “Siz Rüstəmi məndən müdafiə edirsiniz. Bəs ondan niyə soruşmursunuz ki, niyə hakimiyyətlə dostdur?”
Müsavat başqanı Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılla da polemika yaşayıb: “Sizin yaratdığınız mühit nəticəsində cəmiyyətdə belə bir fikir yaranır ki, İsa Qəmbərlə Əli Kərimli bir-bir ilə düşməndir. Sevinin buna. Özünüz haqqında düşünün. Siz və sizin kimilərin cəmiyyətdə yaratdığı mənəvi terror belə şeylərə xidmət edir. Özünüz haqqında çox yüksək fikirdə olmayın”.