İrandan İsrail səfirliyini qarışdıran vətəndaşının həbsinə münasibət
Azərbaycanda İran vətəndaşı həbs olunub. APA-nın İSNA-ya istinadən məlumatına görə, Həsən Fərəci İsrailin Azərbaycandakı səfirliyinin qarşısında tutulub.
Bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirən İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bununla bağlı xəbər aldıqlarını təsdiqləyib.
Onun sözlərinə görə, hazırda məsələnin təfərrüatları araşdırılır: “Bununla bağlı daha ətraflı məlumatlar gözləyirik. Bu məsələ ilə bağlı mükəmməl məlumatlar alandan sonra mövqeyimizi açıqlayacağıq”.
Qeyd edək ki, oktyabrın 31-də axşam saatlarında İsrailin Azərbaycandakı səfirliyinin binasında insident olub. İran İslam Respublikasının vətəndaşı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 23, mənzil 12 ünvanında müvəqqəti qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Həsən Bəhlul oğlu Fərəci Saat 19:30 radələrində İzmir küçəsi, 1033-cü məhəllə ünvanında yerləşən İsrailin Azərbaycandakı səfirliyinə gəlib. İran vətəndaşı özünü şübhəli apardığı üçün post-partul xidməti əməkdaşının diqqətini cəlb edib. Binada xidmət aparan Yasamal rayon Polis İdarəsi Post-patrul bölüyünün əməkdaşı, polis baş serjantı Mirzəyev Vüsal Ağamalı oğlu həmin şəxsi saxlamağa cəhd edib. Lakin İran vətəndaşı polisin qanuni tələbinə məhəl qoymayıb və qarşıdurma yaradıb. Daha sonra H.Fərəci saxlanılaraq polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum edib. Hazırda H.Fərəcinin İsrail səfirliyinə gəlməsinin məqsədi və digər maraqlı məqamlar araşdırılır.