İran səfiri: “Urmiya gölü ilə bağlı vəziyyət yaxşılaşıb” - APA TV
07 mart 2013 17:33 (UTC +04:00)

İran səfiri: “Urmiya gölü ilə bağlı vəziyyət yaxşılaşıb” - APA TV

“İranda yaşayan azərbaycanlıların öz dillərindən istifadəsində heç bir problem yoxdur”


 

 

“Son vaxtlar Urmiya gölü ilə bağlı vəziyyət əvvəlkinə nisbətən daha da yaxşılaşıb və göldə suyun səviyyəsi qalxıb”.

Bunu APA TV-yə müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, Urmiya gölü ətrafındakı vəziyyətin yaxşılaşması üçün İran dövləti tərəfindən vəsait ayrılıb: “Urmiya gölü ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün çox böyük vəsait sərf olunur. Ətrafdakı çayların suyu gölə axıdılıb. Bu il həmçinin ərazidə yağıntılar da çox olub. İran çox ciddiyyətlə çalışır ki, Urmiya gölünü ekoloji miras kimi qorusun. Ərazidən 100 evin köçürülməsi məsələsinin isə Urmiya gölünə heç bir aidiyyəti yoxdur. Bu, Maku şəhəri yaxınlığında olan evlərdir. Bu evlər sel yolunun üstündə yerləşdiyindən görülən tədbirlər ailələri sel sularından, daşqınlardan qorumaq məqsədi daşıyır".

 

Diplomat İranda yaşayan azərbaycanlıların öz dillərində məktəb açılması ilə bağlı bəzi qurumlara müraciət ünvanlamasına da münasibət bildirib. Onun sözlərinə görə, ümumiyyətlə İranda yaşayan azərbaycanlıların və digər xalqların öz dillərindən istifadəsində heç bir problem yoxdur: “İranda azərbaycanlılar yaşayan vilayətlərin öz televiziyaları, qəzetləri, radioları, musiqiləri, kitabları, hətta “Traktor” adlı futbol klubları var. İstənilən adam bu kanalları izləyə, radioya qulaq asa bilər. Bu məsələlər Azərbaycanda çox şişirdilir. İranda təxminən 15 xalqın nümayəndəsi yaşayır. Onların hamısı eyni ölkənin vətəndaşıdır və İran Konstitusiyasına tabedir. Konstitusiyaya görə, isə İranın rəsmi dövlət dili fars dilidir. Eyni zamanda bütün xalqlar öz dillərindən istifadə edə bilər. Bir dövlətin tərkibində bir neçə xalqın nümayəndəsi yaşayırsa, mümkündürmü ki, onların bütün fəaliyyəti ana dillərində olsun?"

 

Səfir həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasında da bir sıra xalqların nümayəndələri yaşayır: “Lakin dövlət dili Azərbaycan dilidir və burda yaşayan hər bir xalqın da öz dilində geniş fəaliyyət göstərməsi mümkün deyil”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 875
avatar

Oxşar yazılar