Noyabrın 7-dən Biləsuvar və Culfa sərhəd-buraxılış məntəqələrdə yaranmış gərginlik nisbətən aradan qaldırılıb.
Bu barədə APA-ya açıqlama verən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, sərhədi piyada keçmək istəyən vətəndaşlar üçün məhdudiyyət aradan qaldırılsa da, yük maşınlar üçün hələlik məhdudiyyət var: “Avtobusla Azərbaycandan İrana getmək istəyən vətəndaşlara sərhədi keçməyə məhdudiyyət yoxdur, lakin avtomobillərə və yük maşınlarına məhdudiyyət qalmaqdadır”.
Səfir həmçinin əlavə edib ki, dünən axşam Azərbaycandan Naxçıvana göndərilən 175 yük maşınının İrana keçməsinə icazə verilib.
Qeyd edək ki, noyabrın 8-də İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır.
Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.