“Azərbaycanın Fars körfəzi ilə dəmir yol xətti ilə birləşməsi əhəmiyyətli layihədir, gömrük keçid məntəqələrinin fəaliyyətini 12 saata qədər artırmışıq”.
Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin söyləyib.
Möhsün Pak Ayin deyib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq davam edir, xüsusilə Azərbaycandan İrana müalicə almaq istəyən insanlar gəlirlər: “Proqnozlarımıza görə, ilin sonuna kimi 1 milyon Azərbaycan vətəndaşı İrana səfər edəcək. Bu səfərlər həm müalicə, həm ziyarət, həm də turizm məqsədi ilə olacaq”.
Möhsün Pak Ayin Suriya məsələsində Azərbaycanla İran arasında fikir ayrılığının olması ilə bağlı mətbuatda yazılanlara da münasibət bildirib: “Azərbaycan Respublikasının rəsmiləri ilə İran İslam Respublikası rəsmilərinin görüşlərindən bizə bəlli olan məlumata görə, iki ölkənin bu məsələdə mövqeləri çox yaxındır. Hər iki ölkə tərəfdardır ki, Suriyadakı daxili çəkişmələr dinc yolla, müxalifət və iqtidar rəsmilərinin müzakirələrinin vasitəsilə həll olunsun. Hər iki ölkə inanır ki, Suriya məsələsi hərb yolu ilə həll olunası məsələ deyil. Bu sahədə Azərbaycanla İranın fikirləri çox yaxındır”.