Prezident siyasi müstəvidə ölkələr arasında heç bir problem olmadığını bildirib: «Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Əlbəttə, çalışırıq ki, bütün sahələrdə əlaqələr siyasi səviyyədəki əlaqələrə uyğun olsun. Mən ilk növbədə iqtisadi sahəni qeyd etmək istərdim. Baxmayaraq son illər ərzində iqtisadi sahədə böyük irəliləyiş vardır, eyni zamanda, hələ ki, ticarət dövriyyəsi bizi qane edə bilməz. Hesab edirəm ki, biz ticarət dövriyyəsinin artırılmasına birgə səylərlə nail olmalıyıq. Buna, hesab edirəm ki, imkanlar var. Bu gün keçiriləcək biznes forum biznes qurumları arasındakı əlaqələrin inkişafına da öz töhfəsini verməlidir. Hesab edirəm ki, biz iqtisadi sahədə investisiya layihələrinə baxmalıyıq. Artıq ilkin təkliflər var. Demək istəyirəm ki, Azərbaycan artıq öz investisiyalarını xarici bazarlara qoymağa başlamışdır. Bunun artıq gözəl nəticələri var. Konkret layihələr üzərində iş aparılmalıdır ki, biz ticarət dövriyyəsini artıra bilək».
Prezident Əliyev Latviya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək üçün əlavə imkanlar yaradıla biləcəyini vurğulayıb: «Hesab edirəm ki, biznes forum çərçivəsində bu imkanlar da təqdim oluna bilər. Azərbaycanda son illər ərzində böyük inkişaf müşahidə olunur, çoxlu layihələr icra edilir. Əlbəttə, biz istərdik ki, Latviya şirkətləri podratçı, kontraktor kimi Azərbaycanda daha da fəal iştirak etsinlər».
Azərbaycanın Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından tərəfdaş ölkəyə çevrildiyini qeyd edən prezident növbəti illərdə bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın yeni müstəviyə qalxa biləcəyini bəyan edib. İlham Əliyevin fikrincə, Latviya-Azərbaycan formatında da energetika məsələlərinin həlli üçün yaxşı imkanlar var.
Prezident nəqliyyat infrastrukturunun yaradılması və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə də toxunub: «Bu layihələrin həyata keçirilməsi nəticəsində geniş mənada regional əməkdaşlıq məsələləri öz həllini tapa bilər. Xəzər dənizi, Qara dəniz, Baltik dənizi ölkələri arasındakı əlaqələr bir çox hallarda nəqliyyat infrastrukturundan asılıdır. Azərbaycan öz tərəfindən bu məsələlərin həlli üçün çalışır. Bizim təşəbbüsümüzlə həyata keçirilən böyük nəqliyyat layihələri öz bəhrəsini verməkdədir».