““Milyaderlər ittifaqı” bir əfsanə idi. Bu əfsanəni kim yaradıb, bilmirəm! Burda toplaşanlar iş adamlarıdır. Onlar öz işləri ilə məşğul olan insanlardır. Abbas Abbasov burda bizim diasporla ciddi iş aparır. O, həmin milyarderləri, Ramazan Abdulatipovu və məni cəlb elədi ki, biz ona bu işdə kömək edək. Lakin bunu Bakıda düz başa düşmədilər. Abbas Abbasov özü mənə dedi ki, Bakıda əvvəl razılıq verilib bu təşkilatın yaradılmasına, sonradan “yox” deyiblər”.
Lent.az-ın məlumatına görə, bunu APA-ya müsahibəsində Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib.
Agentlik bu gün müsahibənin səs yazısının tam mətnini yayıb.
Səs yazısında R. İbrahimbəyov qeyd edib ki, “milyarderlər” bu günə kimi onun seçki prosesində iştirakıyla maraqlanmayıblar, bu prosesə “bir qəpik də pul ayırmayıblar”: “Mən onların heç biri ilə görüşmürəm. Hərdənbir Abbas Abbasovla görüşürük. Çünki onunla köhnə dostam. Başqa onların heç biri ilə görüşmürəm. Ramazan Abdulatipovla da bir-iki dəfə görüşmüşəm. Bu görüş də Dağıstanda Rəsul Həmzətov barəsində film çəkilişləri ilə bağlı olub”.
İbrahimbəyov “milyarderləri” qorxaqlıqda da ittiham edib: “Onlar qorxurlar. Mənim ağlıma da gəlməz ki, onlarla bu barədə danışa bilərəm. Mən onlarla heç görüşmürəm. Amma görüşsəm də, onlarla bu barədə danışa bilmərəm. Çünki onlar hamısı deyir ki, biz əliyevçiyik, Əliyevi dəstəkləyirik”.