APA-nın xəbərinə görə, bu barədə H. Hacızadə partiya başqanı Arif Hacılıya ünvanladığı bəyanatda qeyd edib.
O bildirib ki, bu gün Müsavat Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarı Kamil Xəlilbəylini "partiyanin siyasi-ideoloji xəttinə xəyanət" ittihamı ilə təşkilat sıralarından azad etməsi barədə xəbər alıb.
H. Hacızadə qeyd edib ki, araşdırma zamanı K. Xəlilbəylinin Arif Hacılının tərəfdarı olan xanımlardan biri ilə şəxsi yazışması olduğunu, həmin yazışmada onların bir-birlərini qarşılıqlı təhqir etdiklərini öyrənib: “MNTK bunu siyasi-ideoloji xəyanət kimi qələmə verib. Mən bu düşünülməmiş qərara qəti etirazımı bildirirəm. Dünya praktikasinda ilk dəfə şəxsi yazışmadakı sözlərə görə cəza uca Müsavat Partiyasında tədbiq olundu. Ar olsun!!!”
H. Hacızadə K. Xəlilbəyli ilə bağlı qərarın “böyük planın bir hissəsi” olduğunu da qeyd edib: “Yəni narazıların 10-15-i partiyadan çıxaraq, onda başqaları sakitləşəcək". Ar osun, belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə "narazı" özümü hesab edirəm və qərarınıza etiraz edirəm”.
O, partiya rəhbərliyini təşkilatdan xaric edilənlərin işınə yenidən baxmağa, əks təqdirdə onu da partiyadan xaric etməyə çağırıb: “Bu məsələ qanun və insan haqları çərçivəsində həll olunmayana qədər, partiyada fəaliyyətimi dondururam. Partiya rəhbərliyindən insan hüquqlarının təmin olunmasını tələb edirəm”.