Həmsədrlik məsələsi AXCP və Müsavatı üz-üzə qoydu – POLEMİKA
08 noyabr 2013 14:49 (UTC +04:00)

Həmsədrlik məsələsi AXCP və Müsavatı üz-üzə qoydu – POLEMİKA

0

“Biz hesab edirik ki, Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri kimi fəaliyyətini davam etdirməsi bu quruma yalnız xeyir gətirir. Onun istər Azərbaycanda, istərsə də beynəlxalq aləmdəki nüfuzu Milli Şuraya yalnız müsbət imic qazandırır”.

 

Bu sözləri Lent.az-a açıqlamasında Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, Müsavat Partiyasının funksionerlərinin Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı mətbuatda səsləndirdikləri tənqidi çıxışlara münasibət bildirib.

 

Qeyd edək ki, Milli Şurada təmsil olunan Müsavat funksionerlərindən olan Arif Hacılı və Gülağa Aslanlı qurumun strukturunun dəyişdirilməsinin əleyhinə çıxış ediblər. Onların ümumi fikri Milli Şurada həmsədrlik institutunun yaradılması yox, qurumun sədrinin dəyişməsi və Cəmil Həsənlinin sədr seçilməsi yönündədir.

 

F.Qəhrəmanlı hesab edir ki, R.İbrahimbəyovun ölkədə olmamağı və praktiki baxımdan Milli Şuraya rəhbərlik edə bilməməyi həmsədrlik institutunun yaradılmasını zəruri edən amillərdəndir: “Həmsədrlik institutunun yaradılması Milli Şuranın işində effektivliyin artırılmasına gətirib çıxaracaq. Həmsədrlik institutunun yaradılmasına etiraz edən tərəflər gərək bunun mənfi yönlərini də açıqlayalar. Yox, belə səbəblər göstərilmirsə, məsələyə sadəcə olaraq “həmsədrlik institutuna ehtiyac yoxdur” deyə yanaşmaq obyektivlikdən uzaqdır. Bu iki şəxsin Milli Şuranın həmsədrləri olması bu qurumun rəhbərliyinin yüksək səviyyəli ziyalılardan təşkil olması deməkdir. Bu isə istər ölkə daxilində, istərsə də xaricdə Milli Şuraya etimadı artıracaq. Bu baxımdan həmsədrlik institutunun yaradılması Milli Şuraya yalnız müsbət çalar gətirə bilər”.

 

AXCP sədrinin fikrincə, əgər bu arqumentlərə qarşı əsaslı fikirlər varsa, onlar də səsləndirilməli və ictimai müzakirəyə çıxarılmalıdır, əks təqdirdə, sadəcə olaraq “biz həmsədrlik institutunun əleyhinəyik” demək doğru deyil.

 

F.Qəhrəmanlı qeyd edib ki, bu məsələ ilə bağlı Müsavat və AXCP arasında olan fikir ayrılığı Milli Şurada hər hansı gərginlik yaratmayacaq. Onun sözlərinə görə, Milli Şuranın strukturunda fərqli fikirlərə sahib şəxslər təmsil olunur və bu fərqliliklər arasında hər zaman uzlaşma mexanizmi tapmaq mümkün olub, indi də bu müzakirələrin yekununda ən uyğun variant tapılıb qərar veriləcək.

 

Milli Şura təmsilçisi deyib ki, AXCP-nin MŞ yaranan ərəfədə həmsədrlik institutunun tətbiq edilməsi barədə fikirlərə isti yanaşmamağının haqlı səbəbləri var: “Biz o zaman hesab edirdik ki, Milli Şura Rüstəm müəllimin ətrafında və onun nüfuzuna görə yaranan birlikdir. Buna görə də həmin ərəfədə həmsədrlik institutunun yaradılmasını doğru hesab etmirdik. Ancaq siyasətdə qərarlar situasiyalara uyğunlaşdırılmalıdır. Əgər mövcud situasiya bizdən başqa şey tələb edirsə, biz də buna uyğun qərarlar qəbul etməliyik”.

 

AXCP rəsmisi bildirib ki, indiki şərtlər Milli Şura yaranan ərəfədəki şərtlərdən tamamilə fərqlidir: “O zaman Rüstəm bəyin ölkəyə qayıdıb-qayıtmayacağı ilə bağlı da dəqiq bilgi yox idi. Ona görə də həmin dövrdə həmsədrlik institutunun yaranması zərurət deyildi, indi isə mövcud situasiya bunu şərtləndirir. Səmərəli idarəetmə onu tələb edir ki, dəyişən şərtlərə uyğun qərarlar verilsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1093

Oxşar yazılar