Həmməruzəçi: “Bələdiyyələrə daha çox maddi vəsait ayrılmalıdır ” - MÜSAHİBƏ
01 noyabr 2013 14:12 (UTC +04:00)

Həmməruzəçi: “Bələdiyyələrə daha çox maddi vəsait ayrılmalıdır ” - MÜSAHİBƏ

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə həmməruzəçisi, Hollandiyanın Katvijk şəhərinin meri Yakob Vinenin APA-ya müsahibəsi


 

- Azərbaycanda yerli demokratiyanın vəziyyətini necə qiymətləndirərdiniz?

 

- Hesab edirəm ki, Azərbaycanın yerli demokratiya sahəsində böyük tarixi yoxdur, bu sahədə hələ gənc ölkədir. Yerli hakimiyyətlərə seçkilər yalnız 1999-cu ildən başlayaraq keçirilir ki, bu da elə bir uzun tarix deyil. Ümumilikdə isə hələlik bu sahədə üç əsas problem var. Birinci məsələ ondan ibarətdir ki, yerli idarəetmə orqanlarına dair qanunvericilikdə qəsəbələrdə bələdiyyələrin vəzifə və səlahiyyətlər demək olar ki, yoxdur. İkincisi, bu sahəyə kifayət qədər vəsait (pul) və kadr ayrılmayıb. Üçüncü məsələ isə yerli hakimiyyətin, demək olar, bütünlüklə icraedici hakimiyyətdən asılı vəziyyətdə qalmasıdır. Biz də yerli demokratiya sahəsindəki vəziyyətin yaxşılaşdırılması üçün öz lazımi tövsiyələrimizi vermişik.

 

- Konqres Azərbaycan üzrə sonuncu hesabatını 2012-ci ildə qəbul edib. Artıq bir il keçib. Gələn ilin sonunda isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu baxımdan hazırda əsas tövsiyələriniz nədən ibarətdir?

 

- Bir daha qeyd edim ki, Azərbaycan Avropa ailəsində hələ yeni ölkədir, yerli demokratiya sistemi də hələ çox gəncdir. Hesab edirik ki, bu sahədə vəziyyəti daha da yaxşılaşdırmaq üçün irəliyə qarşı yavaş-yavaş addımların atılması olduqca vacibdir. Çox vacibdir ki, Azərbaycan hökuməti ilk növbədə qəsəbələrdəki bələdiyyə orqanlarını inkişaf etdirsin. Müstəqil yerli hakimiyyət ənənəsi demək olar ki, yoxdur və bütün səlahiyyətlər icra orqanlarının əlindədir. Bu sahəyə diqqət ayrılmalıdır. Bununla belə, Azərbaycan Avropa ailəsinin bir üzvü kimi demokratiya və yerli demokratiya sahəsində inkişaf etmək istəyir, bu niyyətini ifadə edir. Ona görə bir il əvvəl Konqresin tövsiyələrinin nəzərə alınması üçün Azərbaycan hökuməti ilə görüş keçirdik və bu məsələləri müzakirə etdik. Hazırda bütün lazımi addımlar atılmayıb. Amma görüşdən sonra Azərbaycan tərəfinin bu işləri qısa bir zamanda həll edə biləcəyinə ümidlə yanaşırıq. İnanırıq ki, tövsiyələrimizi ciddi qəbul edib, onları yerinə yetirəcəklər.

 

- Azərbaycan digər üzv ölkələr kimi, Konqresin əsas sənədi olan Yerli muxtariyyətə dair Avropa Xartiyasını ratifikasiya edib. Bu sənədlə əlaqədar üzv ölkələrə müəyyən tövsiyələr verilir. Bəs Azərbaycanın Xartiya ilə bağlı öhdəlikləri nə yerdədir?

 

- Bizim Azərbaycana səfərimizdən öncə bu sahədə də bir çox lazımi məsələlər öz həqiqi həllini tapmamışdı. Başa düşürük ki, həqiqətən də qısa bir müddət ərzində ciddi islahatların aparılması çox çətin bir məsələdir. Bunun üçün ilk növbədə qanunvericilikdə dəyişikliklər aparılmalıdır. Azərbaycan hökumətinin bu sahədə də əhəmiyyətli tədbirlər görəcəyinə ümid edirik. Hələlik bütün bu problemlərin həllinə dair məndə elə bir məlumat yoxdur. Buna baxmayaraq, biz görüşürük, müzakirələr aparırıq və çalışırıq izah edək ki, burada ən vacib məsələ bələdiyyələrə daha çox maddi vəsaitin və kadrların ayrılmasıdır.

 

- Azərbaycan gələn il Avropa Şurası Nazirlər Komitəsinə altı ay ərzində sədrlik edəcək. Bu zaman ərzində Konqresin Azərbaycanla bağlı hansısa planları varmı? Ümumiyyətlə, bu sədrliyi necə görürsünüz?

 

- İlk növbədə onu deyim ki, biz Azərbaycanın daxili işlər nazirini Konqresin Azərbaycanın Avropa Şurasındakı sədrliyi zamanı keçiriləcək sessiyasına dəvət etmişik. Onun yerli demokratiya və bələdiyyələrə dair fikirlərini öyrənmək istərdik. Ümid edirik ki, nazirlə Strasburqda çox faydalı və məhsuldar görüşlərimiz olacaq, bizim fikirlərimiz Azərbaycanda nəzərə alınacaq. Bundan başqa, sədrlik zamanı bizim Azərbaycana səfərimiz gözlənilir və orada bir neçə toplantının keçirilməsini planlaşdırırıq. Fürsətdən istifadə edib orada da tövsiyələrimizlə bağlı görüş və müzakirələr keçirəcəyik.

 

- Azərbaycanda yaradılmış bələdiyyə assosiasiyalarının vəziyyətini necə qiymətləndirirsiniz?

 

- Bakıda olduğum müddətdə bu məsələ ilə bağlı müzakirələr apardıq və bu sahədə də bir neçə tənqidi məqamların olduğunu başa düşdüm. Bu assosiasiyalar hökumətlə nisbətdə daha çox təmsil olunma səlahiyyətlərə malik olmalıdırlar. Onlar lazımi formada təmsil oluna bilmirlər və buna səlahiyyətləri kifayət etmir. Amma bu görüşdə onu da anladım ki, Assosiasiyalar özləri də daha çox təmsil olunmağı istəyirlər və ümid edirəm ki, bunun həyata keçirilməsi üçün lazımı tədbirlər götürüləcək. 

 

# 697
avatar

Oxşar yazılar