YAP-çı deputatdan şok təklif
19 aprel 2013 13:58 (UTC +04:00)

YAP-çı deputatdan şok təklif

0

İnsan alveri ilə bağlı qanunvericilik sərtləşdi

 

Bu gün Milli Məclisdə Cinayət Məcəlləsində dəyişikliklər müzakirəyə çıxarılıb. Lent.az-ın verdiyi məlumata görə, layihə barədə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib.

 

Qanun layihəsinə əsasən, Azərbaycanda insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər qanunvericilikdə insan alveri faktı kimi təsbit olunacaq və bununla bağlı ciddi cəzalar müəyyənləşdiriləcək. İnsan alveri məqsədi ilə şəxsiyyət vəsiqəsinin, pasportun və ya şəxsiyyəti təsdiq edən digər sənədin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması insan alveri faktı kimi qeydə alınır və buna görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilir. Eyni zamanda insan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təminetmə, o cümlədən eyni məqsədlə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə faktları da insan alveri faktı kimi qeydə alınaraq 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

 

İnsan alveri məqsədi ilə hansısa bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhv etmə faktı da insan alveri kimi qələmə alınaraq 1 ildən 4 ilədək həbs cəzası ilə təsbit olunacaq.

 

Bununla yanaşı köləliyə bənzər adətlər və ondan irəli gələn asılılıqlar, insanın daxili orqanının qanunsuz olaraq çıxarılması, insanın üzərində bio-tibbi tədqiqatların aparılması insan istismarı kimi insan alveri hesab olunacaq. Sadalanan bütün epizodlar üzrə Cinayət Məcəlləsinin 144-cü maddəsinə əlavə və dəyişikliklər edilərək müvafiq cəzalar da müəyyənləşəcək. Qeyd olunan insan istismarı hallarına görə müvafiq olaraq 4 ildən 12 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulub. Azərbaycanda yetkinlik yaşına çatmayanları istismarı da insan alveri hesab ediləcək və insan alverinin bu hissəsi ilə bağlı sərt cəzalar tətbiq olunacaq. Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bütün hallarda insan alveri hesab edilir. Cinayət Məcəlləsinə ediləcək əlavədə isə bununla bağlı 9 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

 

Millət vəkili Qənirə Paşayeva deyib ki, məcburi əməyə cəlb etmə fahişəliyə cəlb etmə kimi ağır cinayətdir. Onun sözlərinə görə, xüsusilə qadınların məcburi əməyə cəlb edilməsi qəbuledilməzdir: “Biz bir müddət öncə Azərbaycan qadınlarının ölkədən kənarda fahişəliyə cəlb edilməsi ilə bağlı qanunvericiliyi sərtləşdirdik. Yaxşı olmazdımı ki, bu, ölkə daxilində Azərbaycan qadınlarını fahişəliyə cəlb edənlərə də tətbiq edək. Nə fərqi var ki, qadını daxildə, yaxud xaricdə satırlar?!”

 

YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, milli-mənəvi dəyərləri nəzərə alsaq, məsələyə bir az fərqli prizmadan baxmaq lazımdır: “Biz qanunları sərtləşdiririk, ancaq problemlər bir az da ağırlaşır. Bu işlə məşğul olanlar yenə məşğul olacaqlar. Əslində qanunların sərtləşməsi korrupsiyaya yol açacaq. Bu gün Ukraynadan, Filippindən Azərbaycana belələri axışır. Keçmiş əsrin əvvəllərində Türkiyədə də belə bir dövr yaşanırdı. Atatürk də bununla bağlı çıxış etmişdi. Çünki Fransadan, başqa Avropa ölkəsindən qadınlar gəlir, 1 il sonra varlanıb gedirdilər. Ona görə də Atatürk bu məsələyə diqqət çəkmişdi. Qanunları sərtləşdirməklə bu məsələnin qarşısını almaq mümkün olmayacaq. İnsan alverinin qarşısını ABŞ və Avropada da ala bilmirdilər. Digər tərəfdən, polis gələndə iki tərəf də qarşılıqlı razılaşma əsasında bir yerdə olduğunu söyləyirlər. Bu sahədə beynəlxalq təcrübədən istifadə edək. İndi hamı Milli-mənəvi dəyərlərin daşıyıcısı, mömin olduğunu söyləyəcəklər”.

 

Birinci vitse-spiker Ziyafət Əsgərov Siyavuş Novruzovdan fahişəliyi leqallaşdırmağı təklif edib-etmədiyini soruşub.

 

Siyavuş Novruzov da bildirib ki, leqallaşma bir çox problemlərin qarşısını alacaq. Ziyafət Əsgərov həmkarına yenə cavab verib: “Siz çıxışınıza milli-mənəvi dəyərlərdən danışdınız, sonra tamamilə onun əleyhinə olan fikirlər söylədiniz. İndi deyirsiniz biz fahişəliyi leqallaşdıraq?!”

 

Qanun layihəsi qəbul edildi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5531

Oxşar yazılar