Sosioloqlar demoqrafik aspektdən dünyanın qabaqcıl ölkələrinin 1980-2000-ci il doğumlu müasir gənclərini “Y nəsli” adlandırır və bu nəsli aşağıdakı kimi xarakterizə edirlər: “Onlar davranış və düşüncə etibarilə yenilikçidirlər. Onların açıq fikirli, azadlıqsevər və haytek (yüksək texnologiyaya açıq) həyat tərzləri vardır. Onlar həmçinin, iddialı, özlərinə inamlı, və qayğısız nəsildirlər”.
Tam əminliklə demək olar ki, müasir Azərbaycan gəncliyi dünya gəncliyinin qabaqcıl hissəsinə uğurla inteqrasiya etməkdədir. Aşağı-yuxarı müstəqilliyimizin yaşıdı olan bugünkü Azərbaycan gəncləri həm də ümummilli lider Heydər Əliyevin tövsiyələri ilə böyüyən və cənab Prezident İlham Əliyevin qayğı çətirinin altında boy atıb güclənən, yüksək intellektə və dərin savada, milli ruha bağlı mənəviyyata və tolerant mədəniyyətə, dünya çapında rəqabət qabiliyyətli yüksək ixtisaslı mütəxəssislər kimi yetişən kreativ düşüncə tərzinə malik bir nəsildir.
Ümummilli lider deyirdi: “Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir. Qarşımızda duran vəzifələrdən biri də gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə etməkdən ibarətdir”.
Bizim nəsil dövlətin və dövlət başçısının qayğısı altında böyüyən, son on ilin sürətli sosial-iqtisadi inkişafının, söz və fikir azadlığının cəmiyyətin həyat tərzinə çevrildiyinin şahidləri və bu prosesin iştirakçılarıdır. Bu gün dünyanın hər yerindən Azərbaycan gəncliyinin səsi gəlir və bu səs getdikcə gurlaşmaqdadır!
Bu gün 5 mindən çox gəncimiz Azərbaycan dövlətinin dəstəyi ilə dünyanın ən qabaqcıl universitetlərində təhsil alır, yaxud universitet məzunlarıdır.
Bu gün Azərbaycan gəncliyinin səsi “Avroviziya” müsabiqəsi də daxil olmaqla, dünyanın məşhur musiqi salonlarında yüksəlir, Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə muğam sənətimiz dünya musiqi incilərinə bərabər tutulur, qorunur və təbliğ edilir.
Bu gün Azərbaycan gəncliyinin hünəri olimpiya oyunları da daxil olmaqla, dünyanın nəhəng idman arenalarında parlamaqda, qürurumuz və şərəfimiz olan üç rəngli bayrağımızı ucaltmaqda, müstəqilliyimizin musiqisini – himnimizi səsləndirməkdədir!
Bu gün yüz minlərlə Azərbaycan gənci yağı tapdağı altında olan müqəddəs Vətən torpaqlarını azad etmək üçün son döyüşə atılmağa hazırdır və Ali Baş Komandanın əmrini gözləyir!
Tikilən yüzlərlə təhsil, səhiyyə, mədəniyyət ocaqları, salınan parklar və körpülər, çəkilən yollar millətimizin daha xoşbəxt, daha güvənli gələcəyindən xəbər verir və bizi qarşıdakı gözəl günlərin qurucusu olmağa səsləyir!
Bu gün mənim ölkəm Prezident İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempinə görə dünyada örnək ölkələrdəndir. Bizim prezidentimizin ölkəmizin gələcəyi haqqında aydın və parlaq düşüncələri vardır. Onun məqsədi Azərbaycanı sosial ədalətin zəfər çaldığı qüdrətli dövlətə çevirməkdir!
Onun məqsədi neft kapitalını İnsan kapitalına çevirərək Azərbaycanın harmonik və uzunmüddətli inkişafına nail olmaq, ölkəmizi inkişaf etmiş dövlətlərin sırasına çıxarmaqdır!
Onun məqsədi insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin, milli birliyin və vətəndaş həmrəyliyinin qorunmasını cəmiyyətin həyat tərzinə çevrilməsini təmin etməkdir!
Cənab Prezident 2003-cü ildəki ilk inauqurasiya mərasimində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”, - söyləmişdi. Bu gün cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olmaqla bərabər sayı 60 milyonu keçməkdə olan Dünya Azərbaycanlılarının sevimli Lideridir!
Mən həyatımda ilk dəfə seçici olaraq Prezident seçkilərində 2008-ci ilin oktyabrın 15-də Çexiyada, “Nyu-York Universitetinin Praqa filialı”nın 1-ci kurs tələbəsi olarkən iştirak etmiş və digər tələbə dostlarım kimi Azərbaycanı uğurlu inkişaf yoluna çıxararaq xoşbəxt gələcəyə aparan İlham Əliyevə səs vermişəm. Onda bizlər - Avropada təhsil alan tələbələr nisbətən az, yüzlərlə idik və müstəqil dövlətçiliyimizin memarı ümummilli lider Heydər Əliyevin siyasi kursunun davam etməsini dəstəkləyir, Azərbaycanın gələcəyini bu siyasi kursun təntənəsində görürdük. İndi belə gənclərimiz minlərlədir və gənclik yenə də müasirliyi, inkişafı, cəsarəti – İlham Əliyevin siyasi kursunu dəstəkləyir!
Mən xoşbəxt Azərbaycan “Y nəslinin” bir nümayəndəsi kimi öz prezidentimi çox sevirəm. Onun mənim həyat amallarım, istək və arzularımla üst-üstə düşən yorulmaz fəaliyyətini ürəkdən dəstəkləyirəm. Mən yüksək amalların daşıyıcısı olan, yeni zirvələr fəth etməyə və ölkəmizi o zirvələrə daşımağa qadir olan Azərbaycan gəncliyinin uğurlarını və xoşbəxt gələcəyini Prezident İlham Əliyevin Liderliyində görürəm! Liderin daşıyıcısı olduğu dəyər və istəklərinin onun ölkəsinin gənclərinin arzularıyla eynilik təşkil etməsi biz gənclərin xoşbəxtliyidir!
Mən öz Liderimin xarizmasını sevirəm və bu xarizmanın işığında Azərbaycan gəncliyinin arzu və niyyətlərinin çiçək açdığını hiss edirəm. Liderimiz bizi irəliyə - xoşbəxt gələcəyə səsləyir, biz Liderimizin səsinə səs verərək, “İlhamla irəli!”, - söyləyirik!
İnsanlar ucalığı həmişə seviblər. Bəlkə də Vətənin dağlarını uca gördüklərinə görə, bəlkə də Tanrının ucada olduqlarını hiss etdiklərinə görə. Həmişə belə Ucada olasınız cənab Prezident!
Aysel Quliyeva
“Davamlı İnkişaf Təşəbbüsləri” İB sədri