Azərbaycanda səfərdə olan Fransa Senatının nümayəndə heyəti bu gün Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
APA-nın şimal bürosunun xəbərinə görə, Senat üzvü Natali Qulenin başçılığı ilə Azərbaycanda keçirilən prezident seçkilərinin izləməyə gəlmiş müşahidə missiyasının üzvləri abidə önünə əklil qoyub, 1918-ci ildə erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qətliamın qurbanlarının xatirəsini yad ediblər.
Fransa senatorları Memorial Kompleksdə yaradılmış muzey ilə tanış olub. Qonaqlara 1918-ci ildə Azərbaycanda törədilmiş qırğınlar, bu faciənin miqyası və məqsədi, həmçinin Memorial Kompleks ərazisində aşkar olunmuş kütləvi məzarlıq barədə məlumat verilib. Bildirilib ki, 1918-ci ilin mart hadisələri zamanı Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı aktları həyata keçirilib, bunun nəticəsində minlərlə dinc insan, o cümlədən uşaq, qadın və qoca amansızlıqla qətlə yetirilib. Abidə-muzeylə tanış olan fransalı parlamentarilər 1918-ci il mart hadisələrinədək Qubadakı dinc həyat, eləcə də qırğınların miqyasını nümayiş etdirən faktlar, foto və video materiallarla tanış olublar. Qonaqlara soyqırımın törədildiyi bölgələr, ermənilərin törətdikləri vəhşiliklər və bununla bağlı faktların dünya miqyasında yayılması üzrə görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Quba Soyqırımı Memorial Kompleksi 1918-ci il faciəsinin unudulmaması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət kəsb edir. Kompleksin artıq Azərbaycana gələn qonaqların və rəsmi nümayəndə heyətlərinin daim ehtiramla ziyarət etdiyi bir abidə olduğu diqqətə çatdırılıb.
Fransa Senatının üzvləri soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Kompleks ərazisində ağac əkiblər. Kompleksin xatirə kitabını imzalayan Senat üzvləri “Bu hadisələr təkrarlanmaması üçün unudulmamalıdır”, -deyə kitabda qeyd ediblər.
***
Quba. Vəli Turan – APA. Bu gün Fransa Senatının üzvü Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti Quba Memorial Kompleksini ziyarət edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə məlumat verilib. N. Qule gördüklərindən təsirləndiyi bildirib.
Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi ölkədə keçirilən prezident seçkilərini müşahidə etməkdir.