Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, MDHP sədrinin müavini Həbib Ələkbərov seçkilərin nəticələri ilə bağlı partiyanın mövqeyini açıqlayıb.
O bildirib ki, seçki prosesini partiyanın 800-dən çox müşahidəçisi, məşvərətçi səs hüquqlu nümayəndəsi, vəkilləri müşahidə edib və kampaniya dönəmində müşahidəçilər tərəfindən bir sıra qanun pozuntuları qeydə alınsa da, müdaxilə nəticəsində dərhal aradan qaldırılıb: “Qanun pozuntuları müşahidəçilərin qeydiyyata alınmaması, səlahiyyətli nümayəndələrin vəzifələrin icrasına qarşı törədilən maneələrdən ibarət olub. Biz təbliğat-təşviqat kampaniyası zamanı öz ideyalarımızı həyata keçirmək üçün hakimiyyətə gəlməyi hədəfləmişdik. Lakin hesab edirik ki, əgər bu gün biz hakimiyyətdə deyiliksə, ideyalarımızın da bizim kimi müxalifətdə qalması millətin əleyhinə işləyən bir haldır. Ona görə də bu ideyaların kim tərəfindən deyil, növbəti 5 ildə də necə həyata keçməsi bizim üçün əsas prioritet olacaq. Biz inqilabi dəyişikliyin əleyhinəyik”.
Prezidentliyə namizəd Fərəc Quliyev isə qeyd edib ki, bu seçkilərin nəticələrinin Azərbaycan xalqının xeyrinə olacağına ümid edir. O, prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib: “Hesab edirik ki, uduzmağı da bacarmaq lazımdır. Bizim uduzmağımızın əsas səbəbi elektoratın seçkidə fəal iştirak etməməsi oldu. Seçki prosesi bitdi. Partiyamız seçkilərin nəticəsini tanıyır. Mən hazırkı hakimiyyətdən bundan sonrakı fəaliyyətində milli-demokratik düşərgənin maraqlarını ciddi şəkildə nəzərə almağın, milli birlik və barışı təmin edən, Qarabağ problemi də daxil olmaqla bütün ümummilli məsələləri daxili güclərə söykənərək həll etmənin vacibliyini qeyd edərək, İlham Əliyevi seçkilərdəki qələbəsi münasibətilə təbrik edirəm”.