KTMT Parlament Assambleyasının komissiya sədri: “Hər hansı norma və qaydalar Rusiyanın Azərbaycana silah satmasını qadağan etmir”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının norma və qaydaları, yaxud hər hansı qanun Rusiyanın Azərbaycana silah satmasını qadağan etmir”. APA-nın “tert.am” saytına istinadən verdiyi məlumata görə, bunu KTMT Parlament Assambleyasının Müdafiə və təhlükəsizlik komissiyasının sədri Anatoli Vıbornıy bəyan edib. O bildirib ki, Rusiya KTMT üzvü kimi digər ölkələr qarşısında öhdəliklərini tam yerinə yetirir.
A. Vıbornıy KTMT Parlament Assambleyasının Müdafiə və təhlükəsizlik komissiyasının bu gün Ermənistanda başlayan iclasında Azərbaycana silah satışının da müzakirə olunduğunu söyləyib: “Biz sizin narahatlığınızı nəzərə alacağıq. Ermənistan ərazisində iclas keçirməyimizin özü onu göstərir ki, biz regionda baş verənlərə görə narahatlıq keçiririk. Rusiya hansısa ölkə tərəfindən təhlükə olmamasına çalışır. Bütün KTMT ölkələri istisnasız olaraq hüquqi müstəvidə fəaliyyət göstərməlidir”.
Qeyd edək ki, bu gün İrəvanda KTMT Parlament Assambleyasının Müdafiə və təhlükəsizlik komissiyasının qapalı iclası öz işinə başlayıb.