Ermənistan prezidentinin adı nədir? Serj, yoxsa Serjik?
13 noyabr 2013 16:24 (UTC +04:00)

Ermənistan prezidentinin adı nədir? Serj, yoxsa Serjik?

Bu yaxınlarda İrəvanın "Zvartnots" aeroportunda ölkə prezidenti Serj Sərkisyanın qardaşı Saşik Sərksyanın adının hallandığı diqqətçəkən bir hadisə baş verib. “Vesti.az” saytının yaydığı məlumata görə, Ermənistan və onun hüdudlarından kənarda ədəbsizlik və kobudluğu ilə tanınan Saşik Sərkisyan xanımı Avriqi ilə Almaniyaya uçmaq istəyib. Pasport yoxlanışından keçən zaman məlum olub ki, Avriqi Sərkisyanın xarici pasportunun etibarlılıq müddəti bitib.

 

Saşikin göstərişi ilə təyyarənin uşuçu dayandırılıb, daha sonra aeroporta polisin pasport bölməsinin əməkdaşı çağırılıb və o, prezidentin qardaşının həyat yoldaşının xaricə uçuş hüququnu bərpa edib.

 

Oliqarxların əlində cəmləşən Ermənistanda bu cür hadisələr adi haldır. Adi insanlar xarici pasport almaq üçün pasport, viza idarələri qarısında uzun növbədə dayanır, lakin hansısa güclü oliqarx, üstəlik də ölkə prezidentinin doğma qardaşı bir telefon zəngi ilə öz problemini həll edir. Bu isə Almaniya reysini təxirə salmaqla başqa sərnişinlə problem yaratmaq bahasına başa gəlir.

 

Bu pasport məsələsi Ermənistan parlamentinin dövlət, hüquq məsələləri komissiyasının 8 noyabrda keçirilən iclasında baş vermiş söz savaşını xatırladır. Mülki Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi müzakirə edilən zaman Erməni Ümummilli Konqresinin rəhbəri Levon Zurabyan və hakim Respublika Partiyasının deputatı Ovannes Saakyan arasında insident yaşanıb. Zurabyana müraciət edən Saakyan onu Levon deyil, Lyovik adlandırıb. Saakyan Zurabyana xatırladıb ki, o prezident barədə danışanda onu Serj deyil, Serjik adlandırır.

 

"Mənim adım pasportda Levondur. Bu adı mənə valideynlərim verib. Əgər kimisə onu pasportdakı adı ilə çağıranda inciyirsə, bu onu problemidir", - deyən Zurabyan qeyd edib ki, bütün sənədlərdə prezidentin adı Serjikdir, çünki valideynləri ona bu adı veriblər.

 

Bundan sonra Saakyan Zurabyandan həqiqətən də pasportda adının Levon olmasının sübut etməyi tələb edib. Zurabyan isə öz şəxsiyyət vəsiqəsini göstərərək adının Levon Zurabyan olduğunu sübuta yetirib. Mübahisəyə qarışan digər deputat David Artyunyan bəyan edib ki, rəsmi sənədlərdə prezidentin adı Serj gedir.

 

Bütün bu mübahisələrə son nöqtəni prezidentin komsomol biletini tapıb yayımlayan erməni bloggerləri qoyub. 1968-ci ilin 25 may tarixində SSRİ-nin gənclər təşkilatının Ağdam şəhər komitəsindən verilən komsomol biletində onun adı Serjik kimi qeyd olunub. Həmçinin 1995-ci ildə yayımlanan "Ermənistan Respublikası" qəzetinin nüsxələrində keçmiş prezident Levon Ter-Petrosyanın Serjik Sərkiyanı Dövlət Təhlükəsizliyi İdarəsinə rəis təyin etməsi barədə əmr yer alıb. Sonralar Sərkisyan öz gücündən istifadə edərək adının Serj kimi göstərildiyi sənədlər almağa müvəffəq olub.

 

Ermənistanda prezidentin əsl adı heç kimə sirr deyil. Üstəlik də mitinqlərdə, prezidentə müraciətlərdə Serjik adı hallandırılır. Ancaq məsələ bunda deyil. Əsas məsələ odur ki, Sərkisyan niyə valideynləri tərəfindən ona verilən addan bu qədər utanır? 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar