Ermənistan Milli Məclisi “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin Ermənistan tərəfindən tanınması haqqında” qanun layihəsini müzakirə edəcək.
Qanun layihəsinin təşəbbüskarı müxalifətçi “İrs” fraksiyasının rəhbəri Zarui Postancyandır.
APA-nın “Novosti Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, qanun layihəsi Ermənistan parlamentinin növbədənkənar sessiyası çərçivəsində sabah müzakirəyə çıxarılacaq.
Ermənistan parlamentinin spikeri Ovik Abramyan bildirib ki, Xarici İşlər Nazirliyi sözügedən qanun layihəsinə mənfi rəy verib. “Lakin “İrs” fraksiyası bəyan edib ki, qanun layihəsi təcili müzakirəyə çıxarılmalıdır. Biz də reqlamentə uyğun olaraq, müzakirələri çərşənbə axşamına təyin etmişik”, - deyə O. Abramyan vurğulayıb.
Qeyd edək ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası bir müddət əvvəl qanun layihəsinin müzakirəyə çıxarılmasının əleyhinə qərar verib.
Bəzi deputatlar layihənin indi müzakirəyə çıxarılmasının məqsədyönlü hesab etməyiblər.
Deputat Xosrov Arutyunyan da “Armenpress”ə bildirib ki, Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınmasını siyasi və hərbi-siyasi baxımdan məqsədəuyğun saymır. “Bu addım Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinə zərbə olardı”, - deyə erməni deputat vurğulayıb.