Əli Həsənov: “Bütün faktlar və sənədlər beynəlxalq qurumlara təqdim edilib”
Azərbaycan tərəfi işğal altındakı ərazilərdə ermənilərin narkotik maddələrin becərilməsi və tranziti, həmçinin orada silahlı terrorçu dəstələrin hazırlanmasına dair faktlara malikdir.
APA-nın məlumatına görə, bunu Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Azərbaycan hökumətinin nəzarətindən kənarda qalmış, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf ərazilərdə narkotik becərilir, istehsal olunur və satılır. Bundan əldə olunan vəsaitlə isə silah əldə olunur. Eyni zamanda bu ərazi beynəlxalq narkotranzit ərazisinə çevrilir: «Əfqan narkotiki bizim regiona üç istiqamətdən daxil olur. Bu faktdır və BMT-nin Vyana ofisinə təqdim etmişik. Bunlar Əfqanıstan-Pakistan-İran, Əfqanıstan-İran-Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi və Orta Asiya-Azərbaycan ərazisidir. Bu marşrutlardan keçən həmin narkotik Avropaya da, hətta Uzaq Şərqə - Yaponiyaya daşınır. Hətta Ermənistanın özünə də daxil olur. Buyurun, dünya üçün təhlükə deyilmi?»
Baş nazirin müavini ermənilərin işğal altındakı ərazilərdə silahlı dəstələr hazırladığını da bildirib: «Orada silahlı dəstələr, terror qrupları hazırlanır və dünyanın bütün konflikt zonalarına göndərilir. Bizim aidiyyəti hüquq-mühafizə orqanlarımız bütün bu faktların hamısını aşkarlayıb və sənədlər beynəlxalq qurumlara təqdim edilib».