“Avropa Parlamentinin Azərbaycanda prezident seçkiləri ilə bağlı qətnaməsini qətiyyətlə rədd edirik”
Avronest Parlament Assambleyasının (PA) Ukraynanın paytaxtı Kiyevdə keçirilən Büro iclasında iştirak edən Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanat yayaraq Avropa Parlamenti Qətnaməsinin 32-ci bəndinə etiraz əlaməti olaraq Büro iclasını tərk edib.
Bu barədə APA-ya Elxan Süleymanovun ofisindən məlumat verilib.
E. Süleymanov bəyanatında qeyd edib ki, dostluğun, etimadın və əməkdaşlığın məkanı hesab etdiyi təşkilatda Azərbaycana qarşı edilən görünməmiş hücumlar silsiləsinə reaksiya verir: “ATƏT/DTİHB müşahidə missiyası istisna olmaqla, Avropa Parlamenti, AŞPA, ATƏT PA və digər müşahidə missiyaları seçkiləri azad, şəffaf, ədalətli, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmiş kimi qiymətləndiriblər. ATƏT-in fəaliyyətdə olan Sədri bu qurumların qiymətləndirməsini dəstəkləyib. Təəssüf ki, Avropa Parlamenti Avropa Qonşuluq siyasəti üzrə 23 oktyabr tarixli Qətnaməsinin 32-ci bəndində öz müşahidə missiyasının seçkilərlə bağlı müsbət qiymətləndirməsinə hörmətsizlik və inamsızlıq nümayiş etdirib, ATƏT-in bir Bürosunun (ATƏT/DTHİB) nəticələrinə istinad edərək seçkilərin ATƏT standartlarına cavab verməməsi kimi qiymətləndirib. Sual doğur, Avropa Parlamentinin faktiki mövqeyi nədir? Azərbaycanla əməkdaşlıq etmək, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istəyirmi? Öz hesabatlarını və nümayəndə heyətlərini tanıyırmı?! Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların təcrübəsində heç vaxt olmayan, öz rəsmi müşahidə missiyasına saymazyana yanaşmaqla tərəfdaşına qarşı belə anormal vəziyyəti yaratmaqda məqsədi nədir?
Qeyd etmək istərdim ki, hələ seçkilərin keçirilməsindən əvvəl seçkilərlə bağlı problemlərin olacağını bildirərək Avropa Parlamentində Azərbaycan əleyhinə kampaniyalar təşkil edən bir qrup Avropa Parlamenti deputatları - Leonidas Donskis (ALDE, Litva), Ulrike Lunacek (Yaşıllar, Avstriya), Ana Qomes (SD, Portuqaliya) və Gerben Yan Gerbrandinin həmlələri kimi əsassız hücumları qəbul edə bilmərik. Avropa Parlamenti üçün mesajımiz budur, başqalarına hücum etməyə başlamazdan əvvəl öz evinizin vəziyyətini yaxşılaşdırın. Biz Avropa Parlamentinin beynəlxalq institut kimi hazırkı düşdüyü vəziyyəti qınayırıq».
E. Süleymanov qeyd edib ki, Azərbaycan AvroNest PA-nın rəhbərliyinə dəfələrlə müraciət edərək sülhə nail olunana qədər Ermənistanın həmsədrliyinə etirazını bəyan edib, əks təqdirdə Avronest PA-da ŞT komponenti kimi Ermənistanın həmsədrliyi dövründə fəaliyyətini dayandıracağını bildirib: «Bütün yuxarıda deyilənləri nəzərə alaraq bəyan edirəm: Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 32-ci bəndini qətiyyətlə rədd edir və bu bəndin səbəbləri ilə bağlı araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər Azərbaycan tərəfi Avronest PA ilə əməkdaşlığı hansı formatda davam etdirəcəyi barədə düşünmək məcburiyyətində qalır və Azərbaycan torpaqları işğaldan azad edilməyənədək işğalçı dövlət olan Ermənistanın Avronest PA-da Şərq Tərəfdaşlığı komponenti tərəfindən həmsədrliyi dövründə bu qurumda fəaliyyətini dayandıracaq».