Bu gün xarici işlər naziri Elmar Məmmədyarov MDB müşahidə missiyasının rəhbəri və MDB-nin İcraiyyə komitəsinin sədri və icraçı katibi Serqey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Serqey Lebedev görüşdə MDB-nin 276 müşahidəçi ilə seçkiləri izləyəcəyi barəsində məlumat verib.
Sergey Lebedev Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və MDB müşahidə missiyasının bütün Azərbaycan ərazisi boyunca seçkiləri müşahidə edəcəyini diqqətə çatdırıb. O, seçki məntəqələrinin tam şəkildə seçkilərə hazır olduğunu, seçkilərin azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını söyləyib. Elmar Məmmədyarov isə ümumiyyətlə seçki prosesinin sərbəst və demokratik mühitdə keçdiyini qeyd edərək, bütün yerli və xarici müşahidəçilərin, o cümlədən MDB-nin müşahidə missiyasının fəaliyyəti üçün hər cür imkanların yaradıldığını bildirib.
Görüşdə MDB-nin bu ilin oktyabrında Minskdə keçiriləcək Zirvə Toplantısı və MDB ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.