Aprelin 21-də xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinin baş naziri Salam Fayad ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Salam Fayad Fələstinin Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət və dəyər verdiyini söyləyib.
O, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsini vacib sayıb. Salam Fayad Azərbaycanı yaxın dost və qardaş ölkə adlandıraraq, müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib. Elmar Məmmədyarov isə Azərbaycanın beynəlxalq arenada Fələstinə dəstəyini davam etdirəcəyini, ölkəmizin Yaxın Şərq regionunda münaqişənin tezliklə öz həllini tapmasında maraqlı olduğunu nəzərə çatdırıb. Azərbaycanın münaqişənin iki dövlət və Fələstinin paytaxtı Şərqi Qüdsün olması prinsipi ilə həllinin tərəfdarı olduğunu qeyd edib.
Elmar Məmmədyarov ölkəmizin Fələstinlə bir çox sahələrdə, o cümlədən humanitar sahədə əməkdaşlıq perspektivinə toxunaraq, fələstinli tələbələrin Azərbaycanda təhsil alması üçün tərəfimizdən lazımi dəstəyin verildiyini qarşı tərəfin diqqətinə çatdırıb. O, bu dəstəyin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də həyata keçirildiyini bildirib. Daha sonra Yaxın Şərq regionunda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib. O, bu münaqişənin haqlı və ədalətli həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş verəcəyini vurğulayıb.