Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Konqresinin Deputatlar Palatasının Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Nelson Pelleqrinonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov son illər Azərbaycanla Braziliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirildiyini və bu məsələdə parlament diplomatiyasının xüsusi yer tutduğunu söyləyib.
Elmar Məmmədyarov Braziliyada Azərbaycan səfirliyinin açılması və hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasının ikitərəfli əməkdaşlığa böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib. Ölkəmizi 28 May - Respublika Günü münasibətilə təbrik edən Nelson Pelleqrino Ermənistan-Azərbaycan münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini və BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini dəstəklədiklərini vurğulayıb. Nelson Pelleqrinoya ölkəsinin mövqeyinə görə təşəkkürünü çatdıran Elmar Məmmədyarov iki ölkə arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün hüquqi bazanın genişləndirilməsini, eləcə də investisiyaların qorunması və ikiqat vergitutmadan azad olunma haqqında sazişin imzalanmasını vacib sayıb.
Görüşdə kənd təsərrüfatı, o cümlədən süd, qida və yeyinti məhsulları, eyni zamanda alternativ və bərpa olunan enerji sahələrində Azərbaycanla Braziliya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.