Elmar Məmmədyarov ABŞ Yəhudi Komitəsinin Forumunda çıxış edib
04 iyun 2013 02:18 (UTC +04:00)

Elmar Məmmədyarov ABŞ Yəhudi Komitəsinin Forumunda çıxış edib

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ və dünya miqyasında böyük nüfuz sahibi olan Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunun iyunun 2-də Vaşinqtonda keçirilmiş açılış sessiyasında çıxış edib. Bu barədə Lent.az-a XİN mətbuat xidməti məlumat verib.

 

Açılış sessiyasının əsas natiqlərindən biri olan Nazir Elmar Məmmədyarov Forumun çoxsaylı iştirakçılarına ardıcıl olaraq Azərbaycanın ABŞ və İsrail ilə genişlənən ikitərəfli münasibətləri barədə danışıb və eləcə də Amerika Yəhudi Komitəsi başda olmaqla ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının dövlətlərimiz arasında əməkdaşlığa verdikləri töhfələri təqdir edib.

 

Azərbaycan və İsrail arasında əlaqələri yaxın dostluq münasibətləri kimi xarakterizə edən Nazir Elmar Məmmədyarov iki ölkə arasında əməkdaşlığın xalqlarımız arasında tarixən formalaşmış xoş münasibətlər, qarşılıqlı anlaşma və son illər əldə olunmuş məhsuldar ticarət və iqtisadi əlaqələr üzərində qurulduğunu göstərib.

 

Beynəlxalq aləmdə Azərbaycanın yalnız enerji resursları ilə zəngin bir ölkə deyil, həmçinin dözümlülük ənənələrinin dərin kök saldığı nümunəvi bir cəmiyyət kimi tanındığını bildirən nazir Elmar Məmmədyarov müsəlman ölkəsi kimi tanınan  Azərbaycanın səmavi dinlərin nümayəndələrinin birgə sülh şəraitində yaşadığı nadir məkan olduğunu bəyan edib. Nazir xüsusilə 2500 il ərzində yəhudi icmasının Azərbaycanda heç bir məhdudiyyətlərə məruz qalmadan yaşadığını və cəmiyyətimizin müxtəlif sferalarında təmsil olunduğunu qeyd edib. E.Məmmədyarov yəhudi icmasının hələ Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Azərbaycan hökumətinin tərkibində səhiyyə naziri postunu tutmuş Aşkenazi yəhudisi olan Yevsey Qindes tərəfindən təmsil olunduğunu, eləcə də yenicə qurulmuş hökumət tərəfindən 1919-cu ildə Yəhudi Xalq Universitetinin təsisi haqqında qərar verildiyinə dair faktları Forum iştirakçılarının diqqətinə çatdırıb.

 

Eyni zamanda Nazir İsrailə rəsmi səfərindən bəhs edərək, Prezident Şimon Peres, Baş nazir Benjamin Netanyahu və digər rəsmilərlə səmərəli görüşlər keçirdiyini bildirib və iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədilə müntəzəm məsləhətləşmələrin davam etdiriləcəyini söyləyib.

 

Cənubi Qafqaz regionunda tam miqyaslı əməkdaşlığa əsas maneənin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu qeyd edən Nazir Elmar Məmmədyarov Azərbaycanın ən qısa zaman kəsiyində münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə əsasında sülh yolu ilə həllini dəstəklədiyini söyləyib. Nazir həmçinin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olaraq Azərbaycanın dünyanın müxtəlif məkanlarında, o cümlədən Yaxın Şərqdə  sülhün bərqərar olması üçün səylərini əsirgəmədiyini ifadə edib.

 

Tədbirdə Azərbaycan xarici işlər naziri ilə yanaşı, Çexiya (Karel Schwarzenberg) və Polşanın (Radosław Sikorski) xarici işlər nazirləri də çıxış etmişlər. Forum çərçivəsində ABŞ Dövlət katibi Con Kerrinin də iştirakçılara müraciət edəcəyi gözlənilir.

 

Qeyd edək ki, eyni gündə səfir Elin Süleymanov Amerika Yəhudi Komitəsinin gənc liderlərindən ibarət bölməsi olan ACCESS Forumunun bağlanış toplantısında çıxış edib.

 

1906-ci ildə təsis edilmiş Amerika Yəhudi Komitəsinin ABŞ-ın 26 ştatı, həmçinin dünyanın bir çox ölkələrində bölmələri fəaliyyət göstərir. Komitənin prezidenti Robert Elman, icraçı direktoru isə 2012-ci ildə Azərbaycan prezidentinin sərəncamına əsasən “Dostluq ordeni” ilə təltif edilmiş Deyvid Harrisdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428
avatar

Oxşar yazılar