“Amnistiya aktının Heydər Əliyev Fondu tərəfindən təqdim olunması cəmiyyətdə alqışlanır. Çünki məhz H. Əliyev 93-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya kimi təsisatları onların öz mahiyyətinə uyğun bərpa etdi”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Onun sözlərinə görə, 1992-93-cü illərdə Azərbaycanda ölüm cəzasının sonuncu dəfə icrası həyata keçirilib: “Təəssüf ki, həmin vaxt heç bir amnistiya qərarı olmadan 700-ə yaxın ağır cinayət törətmiş şəxsin azadlığa buraxılması ilə yadda qalıb. H. Əliyev isə bu siyasəti elə balanslaşmış şəkildə həyata keçirdi ki, həm cinayətkarlığa qarşı mübarizə aparıldı, həm də cinayət törətmiş şəxslər azad olundu, nəticədə cəmiyyətdə sabitlik yarandı”.
Ə. Hüseynli deyib ki, Azərbaycanda sonuncu amnistiya qərarı da 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul olunub: “Artıq uzun illərdir ki, Azərbaycan əhalinin hər 100 min nəfərinə nisbətən cəza çəkən məhkumların say göstəricisinə görə keçmiş sovet respublikalarını qabaqlayıb, Şərqi- Avropa və Avropa ölkələri ilə bir sıradadır.
Bu amnistiya qərarından sonra 9 min nəfərə yaxın şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir. Bu, məhkumların ümumi sayının təxminən 1/3-dir”.