Əli Həsənov: “Namizədlərin hamısının debat qabiliyyəti eyni deyil”
25 sentyabr 2013 13:58 (UTC +04:00)

Əli Həsənov: “Namizədlərin hamısının debat qabiliyyəti eyni deyil”

“Azərbaycanda prezident seçkiləri öncəsi mühit şəffaf və demokratikdir, bütün məsələlər qanun çərçivəsində tənzimlənir. Seçki institutları öz fəaliyyətlərini qanunauyğun şəkildə qurur”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

 

Ə. Həsənov qeyd edib ki, icra və yerli hakimiyyət orqanları qanun əsasında öz funksiyalarını yerinə yetirir, bununla bağlı heç bir problem yoxdur: “Prezidentliyə namizədlər müvafiq olaraq mətbuatda və yerlərdə təbliğat-təşviqat kampaniyası həyata keçirirlər. Qanuna müvafiq olaraq, onların həm televiziya və radioda, həm də mətbuatdakı çıxışları bütün ölkə ərazisində yayılır, bu sahədə heç bir maneə, heç bir problem yoxdur. O ki qaldı ayrı-ayrı namizədlərin ətrafındakı insanların toplantılarda, yaxud başqa tədbirlərdə özünü aparması, onların polis orqanları ilə bu və ya digər formada yaranmış qarşıdurması, bunlar hamısı qanun çərçivəsində tənzimlənir. Hakimiyyətin heç kimə qarşı qərəzi, heç kimə qarşı hansısa tədbir həyata keçirmək məqsədi yoxdur. Sadəcə olaraq müəyyən tədbirlər zamanı qarşıdurma yaratmaq, prosesləri pozmaq istəyənlərə qarşı qanun çərçivəsində tədbirlər görülür.

 

Məsələn, son vaxtlar ayrı-ayrı namizədlərin plakatlarını cırıb, onların təbliğat materiallarına qarşı bu və ya digər hərəkət eləmək istəyən insanlara rast gəlinir. Əlbəttə ki, belə şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir. Bunun nə müxalifətlə, nə seçki prosesi ilə, nə də bütövlükdə ayrı-ayrı namizədlərin fəaliyyəti ilə bağlılığı var. Sadəcə bu, asayişin qorunması, sabitliyin təmin olunması və seçki prosesinin insidentsiz, qanuna müvafiq şəkildə həyata keçirilməsi istiqamətində polisin öz funksiyalarına uyğun olaraq, gördüyü tədbirlərdir”.

 

Ə. Həsənov teledebatlarda prezidentliyə namizədlər arasında baş verən qalmaqallara da toxunub. O bildirib ki, belə hallar seçki prosesi zamanı dünyanın digər ölkələrində də müşahidə olunur: “Namizədlərin hamısının debat qabiliyyəti, məsələyə yanaşması eyni deyil. Əlbəttə bu, arzu olunan hal sayılmır. Hər ölkənin seçki institutları istəyir ki, seçki şəffaf, rəvan keçsin, heç bir insident yaşanmasın. Bununla belə, arzu edilən olmasa da, belə halların müşahidə olunması da təbiidir”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170
avatar

Oxşar yazılar