“Yeni Azərbaycan Partiyasının gənclərinin timsalında gələcəyin ictimai-siyasi məsələlər şöbəsinin müdirini, nazirlərini, nazir müavinlərini, icra hakimiyyətlərinin başçılarını və digər dövlət məmurlarını görürəm”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclərin dövlət ictimai-siyasi həyatında rolu” mövzusunda keçirilən seminarda deyib.
Ə. Həsənov prezident seçkilərində YAP-ın namizədinin qalib gələcəyinə əminliyini də vurğulayıb: “Çünki biz - Yeni Azərbaycan Partiyası hakimiyyəti təhvil verməyə hazırlaşmırıq. Ona görə ki, xalq İlham Əliyevi dəstəkləyir, onun siyasətini təqdir edir. Bu il keçiriləcək prezident seçkilərində də siz gənclərin iştirakı və dəstəyi ilə cənab İlham Əliyev növbəti dəfə prezident seçiləcək və qarşıdan gələn 5 ildə sizin iştirakınızla Azərbaycan dövlətinin idarəçiliyini həyata keçirəcək. Ona görə də siz gənclər özünüzü hakimiyyətdə görün və bu istiqamət üzrə də fəaliyyətinizi qurun”.
Ə. Həsənov müxalifətdən olan gənclərlə dialoqlardan çəkinməməyi də məsləhət görüb: “İndidən sizdən fərqli düşünənlərlə səmərəli və obyektiv dialoq aparın. Onları inandırın ki, Azərbaycanın yolu bugünkü iqtidarın siyasi xəttidir. Bu gün İlham Əliyevin hansı siyasətinə alternativ var? Yoxdur. Bu seçkiləri də siz gənclərin köməyi və dəstəyi ilə beynəlxalq standartlara uyğun, alternativlik, şəffaflıqla keçirəcəyik və haqlı olduğumuza görə də qalib gələcəyik”.