“Bu gün fundamental elmin ən çətin, daha çox maliyyə tələb edən sahələri ilə böyük dövlətlər və onların mərkəzləri məşğul olur. Biz də məcburuq ki, tibdə də, iqtisadi fəaliyyətdə də Qərbin ortaya qoyduğu texnologiyalardan istifadə edək”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin təqdimatında deyib.
Şöbə müdiri qeyd edib ki, bütün bunlara baxmayaraq, Qərbin əsası olmadan təlqin elədiyi bu və ya digər dəyərlərdən, bəzən gəncliyi, mətbuatı, ayrı-ayrı jurnalistləri, cüzi qrant verməklə insanları öz xalqına, öz dövlətinə qarşı istifadə etməsindən və digər bu kimi təhlükələrdən xilas olmaq lazımdır: “Bir gəncin hansısa anti-Azərbaycan qüvvəsinin hansısa layihəsinə dəstək verib, oradan 2-3 min manat alıb, müəyyən ehtiyacını ödəməsindən xilas olmaq vaxtımızdır. Bizim buna imkanımız da var.
PA rəsmisinin sözlərinə görə, hər bir gəncdə milli mənəvi dəyərlərin güclü olmasına, onun Azərbaycan xalqının dəyərlərini mənimsəməsinə, dəyərləndirməsinə və xarici qloballaşma sistemində qoruya bilməsinə çalışmaq lazımdır.