“Bu günədək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi artıq 300 milyard dolları keçib”.
APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Onun sözlərinə görə, əvvəllər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi 60 milyard ABŞ dollar məbləğində hesablanırdı. Lakin son beynəlxalq hesablamalara görə, dəymiş ziyanın real həcmi bundan 5 dəfə çoxdur: “Biz o vaxt heç bilmirdik ki, beynəlxalq aləmdə bu ziyanlar necə hesablanır. Son 5-6 ildə prezident İlham Əliyevin tapşırığı ilə Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasına müraciət olunub. Bu qurumla biz artıq 2 ildir işləyirik. Bu günədək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi artıq 300 milyard dolları keçib. Bunu onlar müəyyənləşdiriblər. Beynəlxalq hüquq icazə verir ki, Azərbaycan istənilən vaxt bu zərəri təzminat formasında Ermənistandan tələb etsin. Əgər ermənilər düz yola gəlsələr, təzminatın ödənişində müəyyən güzəştlərə baxıla bilər. Əgər düz, konstruktiv yola gəlməsələr, təbii ki, Azərbaycan istənilən vaxt bu məbləğin təzminat formasında ödənilməsini tələb edəcək”.
Baş nazirin müavini ehtiyac olacağı təqdirdə, işğal olunmuş ərazilərlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin olunacağını da istisna etməyib: “İşğal altında olan ərazilərin boşaldılması, dəymiş ziyanın ödənilməsi tələbi barədə beynəlxalq hüquq normaları, beynəlxalq sənədlər, konvensiyalar mövcuddur. Biz o konvensiyaların hamısına qoşulmuşuq. Bununla bağlı məsələlər Azərbaycanın milli qanunvericiliyində də yer alıb. Bizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli və bu problemlərə baxış haqqında kifayət qədər qanunlar var. Onların da hamısı beynəlxalq konvensiyalara əsaslanır. Ehtiyac yarandıqca, bu qanunlarda müəyyən dəyişikliklər və əlavələr edilə bilər”.