Əli Həsənov: “Azərbaycan Avropa inkişaf yolunu seçib”
24 may 2013 13:38 (UTC +04:00)

Əli Həsənov: “Azərbaycan Avropa inkişaf yolunu seçib”

“Biz müstəqilliyimizi əldə etdikdən sonra birmənalı şəkildə bəyan etdik ki, Avropa yolunu seçirik.


 

Avropa inkişaf yolu Azərbaycan xalqının maraqlarına tam cavab verir, Azərbaycan xalqının tarixi ənənələrinə uyğundur. Biz gələcək inkişafımızı Avropa dövlətləri və Avropa Birliyi ilə inteqrasiyada görürük”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azərbaycanın Avropa yolu: irəliləyişlər və potensiallar” mövzusunda Almaniya-Azərbaycan dialoq forumundakı çıxışında deyib.

 

Ə. Həsənov bildirib ki, Azərbaycan müsəlman dünyası ilə xristian  dünyasının kəsişdiyi bir məkanda birləşdirici bir ölkədir: “Hər iki sivilizasiyanın dəyərləri, ənənələri Azərbaycanda mövcud idi. Ona görə də müstəqillik əldə edəndə qarşımızda iki inkişaf yolu vardı: ya müasir Avropa cəmiyyətinin dəyərlərini qəbul etmək və Avropa ilə inteqrasiya yolunu tutmaq, ya da müsəlman dünyası ilə sıx inteqrasiyaya getmək. Əlbəttə ki, müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar var, amma Azərbaycan xalqı, dövləti və onun liderləri Avropa inkişaf yolunu seçdilər”.

 

Ə. Həsənov xatırladıb ki, Azərbaycan artıq 1992-ci ildə Avropa inkişaf yolunu seçib və bu seçim Azərbaycan dövlətinin siyasətində, Konstitusiyasında və dövlət quruculuğu ilə bağlı bütün sənədlərdə öz təsdiqini tapıb.

 

Şöbə müdiri qeyd edib ki, Azərbaycan özünün gələcək təhlükəsizlik modelini NATO-nun və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində görmür, Bakı tərəfsiz ölkələr blokuna qoşulmaq yolunu seçib və bu iki təşkilatla da tərəfdaşlıq edərək özünün bitərəf təhlükəsizlik yolunu davam etdirir: “Bu, o demək deyil ki, Azərbaycan gələcəkdə seçimini dəyişməyəcək və ya dəyişə bilməz. Seçim istənilən zaman dəyişə bilər. Azərbaycanın milli maraqları burda həlledici amildir, milli təhlükəsizlik maraqları sabah tələb etsə ki, NATO-ya qoşulmaq lazımdır, deməli, belə olacaq. Yaxud, milli maraqlar Azərbaycanın KTMT-da iştirakına yenidən baxılmasını tələb edəcəksə, deməli, o məsələyə baxılacaq. Yəni bizim təhlükəsizlik, enerji, iqtisadi, siyasi, sosial maraqlarımız Azərbaycan xalqının ehtiyaclarından, onun maraqlarından doğur və ona əsaslanır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451
avatar

Oxşar yazılar