Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, partiya tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Əli Əliyev namizədliyinin qeydə alınmasından imtina haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından məhkəməyə müraciət edib. Partiyadan Lent.az-a verilən məlumata görə, Ə. Əliyev MSK-nın qeyd olunan qərarının ləğv olunması və prezidentliyə namizədliyinin qeydə alınması tələbinin əks olunduğu iddia ərizəsini Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına təqdim edib.
İddia ərizəsində MSK-nin Ə. Əliyevə imza vərəqələrini qanunla nəzərdə tutulmuş müddətdə verməməsi, təqdim etdiyi seçici imzalarının yoxlanılması prosesində nə onun, nə də nümayəndələrinin iştirakının təmin edilməməsi və 5477 seçici imzasının MSK ekspertlərinin əsassız şübhəsinə uyğun “oxşar” hesab olunaraq, etibarsız sayılmasının obyektivliyi əks etdirmədiyi əsas götürülərək, ali seçki qurumunun məlum qərarının ləğv olunması tələb edilib.
Ə. Əliyevin iddiası ilə bağlı məhkəmə iclası sentyabrın 17-si saat 14.00-a təyin olunub.